Lənkəranda 6 ayın yekunları: sosial-iqtisadi inkişaf artan templə davam edib FOTOLAR
İyulun 15-də Heydər Əliyev Mərkəzində Lənkəran ŞİH başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, iclası giriş sözü ilə ŞİH başçısının birinci müavini İlqar Dadaşov açaraq gündəlikdə duran məsələni iştirakçıların nəzərinə çatdırdıqdan sonra "2014-cü ilin 6 ayı ərzində Lənkəran rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin cari ilin birinci yarımilinin yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr barədə" məruzə edib.
Məruzəçi bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin cari ilin birinci yarımilinin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etmişdir ki, 2014-cü ilin birinci yarımilində ölkəmizin sosial-iqtisadi inkişafı uğurla davam etmiş, nəzərdə tutulmuş bütün proqram və layihələrin təqvim planına uyğun icrası təmin edilmişdir. Cari ilin 6 ayında makro-iqtisadi vəziyyət sabit olmuş, ölkə üzrə ümumdaxili məhsul 2.1 faiz, qeyri-neft sektoru 7 faiz artmış, kənd təsərrüfatında 6 faiz artım olub. Ölkədə böyük tikinti layihələri icra olunmuş, çoxlu sayda istehsal və sosial obyektlər istifadəyə verilmiş, yeni iş yerləri açılıb. Hökumətin fəaliyyətində həmişə olduğu kimi, sosial siyasət yenə öndə olmuş, nəticədə əhalinin yaşayış səviyyəsi xeyli yüksəlmiş, pul gəlirləri 4.7 faiz artıb.
2014-cü ilin birinci yarımilində Lənkəran rayonunun da sosial-iqtisadi inkişafı artan templə davam edib. Altı ay ərzində rayonda ümumi məhsul buraxılışı 3.8 faiz artaraq 144.7 milyon manat olub. Sənayedə 9.5 milyon manatlıq və ya ötən ilin müvafiq dövrünə nisbətən 8.8 faiz çox məhsul istehsal olunub. Sənayenin qeyri-dövlət sektorunda istehsalın həcmi 2.8 faiz artmış və ümumi həcmdə onun xüsusi çəkisi 66.8 faiz təşkil edib.
Cari ilin birinci yarımilində aqrar sahədə də işlər davam etdirilmişdir. 29.5 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da əvvəlki dövrə nisbətən 6 faiz çox olub.
Sahibkarlığın inkişafı nəticəsində rayonda sənayedə istehsalın həcminin 66.8 faizi, aqrar bölmədə 99 faizi və pullu xidmətlərin 77.4 faizi özəl bölmənin payına düşür.
Altı ay ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara və iş adamlarına 964 min 500 manat güzəştli kredit verilib.
Rayonda geniş abadlıq və quruculuq işləri aparılır. Milli Qəhrəman Əsgər Əliyev adına park yenidən qurulmuş, parka daha keyfiyyətli tamet döşənmiş və yeni bardürlər düzülmüş, müasir işıqlandırıcılar quraşdırılıb, dekorativ ağac və gül kolları əkilmiş, divarlar ağ layla üzlənib. Parkda Milli Qəhrəman Əsgər Əliyevin büstü yenidən mərmər üzlüklə işlənib və digər işlər həyata keçirilib.
Xocalı soyqırımı abidə-kompleksində yeni tamet, bardür düzülmüş, abidə ətrafına qranit döşənmiş, abidə arxasındakı güşə yenilənmiş, müasir işıq dirəkləri quraşdırılaraq istifadəyə verilib.
Ümumilikdə rayon ərazisində küçə, bağ və parklarda divarlara 13250 kvm ağ lay vurulub, səkilərə 21400 kvm tamet və 5 min paqonometr bardür düzülüb, 300-dən artıq yeni işıq dirəkləri quraşdırılıb, iki ədəd çoxmərtəbəli yaşayış binasının ümumilikdə 3500 kvm dam örtüyü əsaslı təmir edilərək yenidən qurulub və bir ədəd dördmərtəbəli binanın fasadına müasir üslubda üzlüklər döşənərək rənglənib. Lənkəran şəhərində qəzalı vəziyyətdə olan 15 çoxmərtəbəli yaşayış binasının ikisində bərpa-gücləndirmə işlərinə başlanılıb. Hazırda rayon ərazisində abadlıq və quruculuq işləri davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə ayrılmış 5 milyon 602 min manat vəsaitə uyğun olaraq 10 min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən 18.8 km-lik Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu yüksək səviyyədə tikilərək istifadəyə verilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin müraciətinə əsasən "Azəryolservis" ASC tərəfindən ikinci dərəcəli Ələt-Astara magistral avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 38.4 km hissəsinin 10 km əsaslı təmir olunaraq istifadəyə verilib, bu yolun daha 3.5 km hissəsinin təmiri nəzərdə tutulub.
Cari ilin 6 ayında şəhər İcra hakimiyyəti tərəfindən Dövlət vəsaiti hesabına şəhərdaxili küçələrdə 25000 kvm yol əsaslı təmir edilmiş, rayonun Darquba kəndində 2500 kvm, Boladi kəndində 750 kvm, Liman şəhərində 4500 kvm yola asfalt döşənib.
Rayonda 70 ailə, 258 nəfər məcburi köçkün müvəqqəti məckunlaşmışdır. Onların sosial-məişət problemlərinin həlli istiqamətində müntəzəm iş aparılır. Şəhər İcra hakimiyyəti tərəfindən qacqın və məcburi köckünlərə 2014-cü ilin 6 ayında 3 min manatlıq ərzaq yardımı verilmişdir.
Cari ilin birinci yarımilində rayonda 1325 yeni iş yeri açılıb, onlardan 1036 daimi iş yerləridir.
Əhalinin normal elektrik enerjisi və təbii qazla təchiz olunması, şəhərin içməli su və kanalizasiya sisteminin yenidən qurulması, digər kommunal xidmətlərin həcminin və keyfiyyətinin yüksəldilməsi sahəsində tədbirlər həyata keçirilib.
Hazırda Lənkəran və Liman şəhərləri də daxil olmaqla rayonun 54 yaşayış məntəqəsi mavi yanacaqdan istifadə edir.
İ.Dadaşov məruzədə rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrində görülən işlər barədə məlumat verdi, bəzi nöqsanları diqqətə çatdırıb.
Aqrar sahədə işlərin surətləndirilməsi, əkin sahələrinin genişləndirilməsi, çayçılığın inkişafına diqqətin artırılması, sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni istehsal obyektlərinin yaradılması və iş yerlərinin açılması nəzərdə tutulub.
2014-cü il cənab Prezident İlham Əliyev tərəfindən "Sənaye ili" elan edilib. Bunun nəticəsidir ki, şəhərdə 1 çörək zavodu, yem fabriki tikilib istifadəyə verilib, digər Çörək zavodunun və Lənkəran Mexanikləşdirmə MMC-də yeni istehsal sexlərinin tikilməsinə başlanılıb. İstehsal müəssisələri fəaliyyətə başladıqdan sonra burada 380 nəfərin işlə təmin olunması nəzərdə tutulub.
Turizmin inkişafı ilə əlaqədar şəhərdə 11 mərtəbəli 5 ulduzlu Otel-Cotec kompleksinin tikintisi davam etdirilir.
Məruzə ətrafında şəhər Maliyyə şöbəsinin rəisi İqbal Rəcəbov, Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Allahyar Salayev, ŞİH başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Nail Əbilov və Lənkəran Çörək zavodunun direktoru Fikrət Xəlifəli çıxış edərək cari ilin 6 ayında görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məlumat veriblər.
Şura iclasında müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilib.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB