Milli Məsləhətləşmələrin yekun mərhələsi keçirilib

Milli Məsləhətləşmələrin yekun mərhələsi keçirilib

ADA Universitetində BMT-nin İnkişaf Proqramı, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali fondu tərəfindən həyata keçirilən "2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin Milli Müzakirəsi: Vətəndaş Cəmiyyəti ilə dialoq: Gənclər" adlı Milli Məsləhətləşmələrinin yekun mərhələsi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən ARGTMŞ-nın baş katibi Seymur Hüseynov şuranın bu layihəsinə may ayında Gəncə şəhərində start verildiyini söyləyib. O, qeyd edib ki, bununla bağlı Bakı, Quba, Gəncədədə məsləhətləşmələr aparılıb. Diqqətə çatdırılıb ki, məsləhətləşmələrlə bağlı hesabatlar hazırlanaraq avqust ayında ictimaiyyətə təqdim olunacaq.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə isə deyib ki, bu layihə gənclərin səsini eşitmək üçün hazırlanıb: "ADA Universiteti belə layihələrə həmişə açıqdır, gəlin müraciət edin və tədris layihələrində iştirak edin".

AGTMŞ- nın sədri Şahin Seyidzadə bu layihənin BMT-nin Azərbaycan gəncliyinə olan diqqəti sayəsində yarandığını qeyd edib. Vurğulanıb ki, Milli Şura uzun müddətdir ki, beynəlxalq təşkilatlarla birgə fəaliyyət göstərir, həm də BMT-nin müvafiq təşkilatı ilə əməkdaşlıq edir.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək bildirib ki, bu cür layihələrin keçirilməsində əsas məqsəd gənclərimizin öz sözünü deməsinə, öz bilik və bacarıqlarını ortaya qoymasına, layihələrini ortaya çıxarmasına şərait yaratmaqdır: "Əminliklə deyə bilirik ki, Azərbaycan gənci bütün dünyada özünə layiqli mövqe tutub. Gənclərimiz ölkə hüdudlarından kənarda ölkəmizi layiqincə təmsil edir. Bu, vətəndaş cəmiyyətinin formalaşması üçün də çox vacibdir".

Tədbirin sonunda layihədə fəal iştirak edən gənclər mükafat və sertifikatlarla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə