Sumqayıt gəncləri üçün “Yay məktəbi” təşkil edildi

Sumqayıt gəncləri üçün “Yay məktəbi” təşkil edildi

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Sumqayıt gəncləri üçün "Yay məktəbi"i təşkil edilib. SİA-nın məlumatına görə, Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan "Yay məktəbi"nin açılış mərasimində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov və digərlər çıxış edib. İdarə rəisi tədbirin məqsəd və vəzifələri barədə iştirakçılara müfəssəl məlumat verib.

Gənclər və İdman Nazirliyinin maliyyə dəstətəyi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Gənc İstedadlara Dəstək Fondunun birgə Quba rayonunda təşkil etdiyi "Yay məktəbi"ndə ayrı-ayrı sahələri təmsil edən yaradıcı, istedadlı və ictimai fəal gənclərin öz istəkləri əsasında iştirakı nəzərdə tutulub.

"Yay məktəbi"nin təşkilində qarşıya qoyulan məqsədlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1621 №-li, 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.3.9. bəndinin həyata keçirilməsi, gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, asudə vaxtının səmərəli təşkil olunmasıdır.

İyul-avqust ayları ərzində hər həftə Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzindən start götürən və gənclər tərəfindən razılıqla qarşılanmış "Yay məktəbi" çərçivəsində Quba rayonunun yaradıcı və fəal gəncləri ilə görüşlər, Ümummilli Lider Heydər Əliyevin abidəsinin, "Soyqırımı Məzarlığı"nın ziyarət edilməsi, "Su səsi" istirahət mərkəzində gənclər arasında debatların, əyləncəli, şən, maraqlı oyunların, debatların, nahar və çay fasilələrinin təşkili, təbiət qoynunda mənalı istirahət nəzərdə tutulub.

Qeyd edək ki, Gənclər və İdman Baş İdarəsi tərəfindən son illər 7500 nəfərə yaxın yeniyetmə və gəncin Quba və Qusar rayonlarında mənalı istirahəti təmin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə