“Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu” adlı monoqrafiyanın təqdimatı olub FOTO
Bu gün "Kaspi" qəzetinin, Azərbaycan Mətbuat Şurasının və Beynəlxalq Mətbuat Mərkəzinin birgə təşəbbüsü ilə aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, zərdabişünas alim Eldəniz Həsənovun "Həsən bəy Zərdabi irsi: keşməkeşli həyat yolu" adlı monoqrafiyasının təqdimatı olub. SİA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, ölkənin tanınmış alim və ziyalıları, kütləvi informasiya vasitələrinin rəhbərləri, Zərdabi nəslinin Azərbaycanda və xarici ölkələrdə yaşayan nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, monoqrafiya Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin anadan olmasının 170 illiyinə həsr edilib: "Müəllifin illərlə apardığı tədqiqatlar nəticəsində ərsəyə gələn bu kitabda ilk dəfə olaraq Həsən bəy Zərdabinin nəsil şəcərəsi tərtib olunub".
Həsən bəy Zərdabinin Azərbaycanın ictimai-siyasi, mədəni həyatındakı əvəzsiz xidmətlərindən söz açan Ə.Amaşov deyib ki, onun kimi şəxsiyyətlər hər bir xalqa hörmət və şöhrət gətirir, mənsub olduğu milləti dünyada tanıdır: "Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi kimi şəxsiyyətlər Azərbaycan xalqının bir xalq kimi inkişafında böyük rol oynayan insanlardır. Azərbaycan siyasi məfkurəsinin inkişafında Həsən bəy Zərdabinin çox böyük rolu var. Həsən bəy Zərdabi Azərbaycanın siyasi intibahının banisidir. Həsən bəy Zərdabi "Əkinçi" qəzetini yaratmaqla Azərbaycanda xalqın mənliyi, özünüdərki ilə bağlı məsələlərdə mühüm rol oynayıb. Həsən bəy Zərdabinin "Əkinçi" qəzetində qoyduğu ideyaları ondan sonra nəşr olunan qəzetlərdə daha da inkişaf etdirilib və Azərbaycanın bir dövlət kimi formalaşmasında mühüm rol oynayıb. Eyni zamanda 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji, məfkurə baxımından platformasını hazırlayıb".
Tədbirdə çıxış edən "Kaspi" qəzetinin təsisçisi, Əməkdar Jurnalist, kitabın rəyçilərindən olan Sona Vəliyeva vurğulayıb ki, zaman keçir, dövr dəyişir, amma Həsən bəy Zərdabi irsinə münasibət dəyişmir: "Zərdabişünas Eldəniz Həsənov gərgin zəhmət tələb edən çoxillik tədqiqatları, əldə etmiş olduğu bilikləri, arxiv sənədləri əsasında ilk dəfə olaraq Həsən bəy Zərdabinin nəsil şəcərəsi tərtib edib".
Tədbirdə kitabın müəllifi Eldəniz Həsənova "Kaspi" qəzeti və Azərbaycan Mətbuat Şurası tərəfindən Həsən bəy Zərdabi irsinin öyrənilməsi sahəsindəki çoxillik səmərəli fəaliyyətinə görə diplom təqdim olunub.
Tədbirin davamında kitabın müəllifi E. Həsənov deyib: "İki il bundan əvvəl "Kaspi" qəzetinin təsisçisi, Əməkdar Jurnalist Sona Vəliyeva mənə dedi ki, siz Həsən bəy Zərdabi irsinin tədqiqatçılarındansınız, amma indiyədək mən bu böyük şəxsiyyətin anası haqqında geniş bir araşdırmaya rast gəlməmişəm. Bu məsələ məni daha geniş formada araşdırmalar aparmağa sövq etdi. Axtarışlarım nəinki Azərbaycanda, hətta bir sıra ölkələrdə, arxivlərdə davam etdirdim. Nəticədə belə bir əsərin oxuculara təqdim edilməsinə müvəffəq oldum. Bu monoqrafiyanın hazırlanmasında köməklik edən hər kəsə minnətdarlığımı bildirəm".
Tədbirin davamında millət vəkili Jalə Əliyeva və digər qonaqlar kitab haqqında fikirlərini bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB