Bakı Sağlamlıq Mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb

Bakı Sağlamlıq Mərkəzində YAP ərazi ilk partiya təşkilatı yaradılıb

Bu gün Bakı Sağlamlıq Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) ərazi ilk partiya təşkilatının yaradılmasına həsr olunmuş toplantı keçirilib. SİA-nın məlumatına görə, ilk təşkilat YAP Nərimanov rayon təşkilatının nəzdində yaradılıb. Tədbiri giriş sözü ilə açan Bakı Sağlamlıq Mərkəzinin baş həkimi Tərlan Bəbirov hazırda bu tibb müəssisəsində 100 nəfərə qədər YAP üzvü olduğunu deyib: "YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafında xidmətləri danılmazdır və partiyamızın bu istiqamətdə gördüyü böyük işlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir. Buna görədir ki, partiyanın sıraları günbəgün genişlənir".

YAP-ın sıralarında tibb işçilərinin də kifayət qədər fəal təmsil olunduqlarını deyən, baş həkim qeyd edib ki, hazırda dövlət rəhbərliyi tərəfindən səhiyyəinin inkişafına xüsusi diqqət yetirilir. Onun fikrincə, Bakı Sağlamlıq Mərkəzi kimi müasir tibb müəssisəsinin tikilib istifadəyə verilməsi də bu diqqətin bariz nümunəsidir.

Çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev bildirib ki, ölkəmizi dinamik inkişaf yoluna çıxarmış Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və Azərbaycanın həyatını kökündən dəyişdirib, ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub: "Yarandığı vaxtdan partiyamız siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. YAP Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir. Bu siyasət bundan sonra da davam edəcək, partiyamız Ulu öndərin, Azərbaycan xalqının əbədi lideri Heydər Əliyevin ideyalarını yaşadacaq, Heydər Əliyev siyasi məktəbinin, onun yolunun və ideyalarının davamçısı olacaq. Bu gün partiyamızın sədri, ölkə Prezidenti İlham Əliyev Ulu öndərin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir".

Təmraz Tağıyev həmçinin əlavə edib ki, YAP Nərimanov rayon təşkilatının üzvləri qürur duyurlar ki, Bakı şəhərində partiyamızın ilk təşkilatı məhz Nərimanov rayonunda yaradılıb. O əmin olduğunu bildirib ki, yeni yaranan ilk təşkilatı ən nümunəvi yerli partiya strukturlarından biri olacaq.

Ölkəmizin hərətərəfli surətdə inkişaf etdiyini deyən, təşkilat sədri Bakı Sağlamlıq Mərkəzinin istifadəyə verilməsini də bu inkişafın nümunəsi kimi dəyərləndirib: "Bu gün müstəqil Azərbaycan Respublikası, möhkəm özülə söykənən dövlətçiliyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurlu gələcəyə doğru inamla addımlayır".

Qeyd edək ki, iclasda təşkilati məsələlərə də baxılıb və Lena Hacıyeva ilk partiya təşkilatının sədri seçilib. Eyni zamanda, təşkilatın 11 nəfərdən ibarət idarə heyəti müəyyənləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə