Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin, rayon icra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 45 illiyi təntənəli şəkildə qeyd edildi.
Rayon icra hakimiyyətindən verilən məlumata görə, tədbir Yeni Suraxanı qəsəbəsindəki "14 iyul" küçəsində Ulu Öndərin siyasi hakimiyyətə gəldiyi günü tərənnüm etdirən Xatirə kompleksini ziyarət etməklə başlandı.
Tədbir iştirakçıları, həmçinin Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək, önünə tər güllər qoydular, "Gözəl şəhər: Bakı riqalıların gözü ilə" adlı fotosərgiyə baxdılar.
Sonra Heydər Əliyev Mərkəzinin elektron lektoriya zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 45 illiyi münasibətilə konfrans öz işinə başladı.
Konfransda rayon icra hakimiyyəti başçısının müavini Sevinc Hüseynova bildirdi ki, 14 iyul xalqımızın tarixi taleyində oynadığı misilsiz rolu ilə həmişə xatırlanır və heç vaxt unudulmayacaq günlərin sırasına həkk olunmuşdur. 14 iyul 1969-cu il Ulu Öndərin Azərbaycanın siyasi olimpinə yüksəldiyi gündür.
Xüsusi vurğulandı ki, 1969-1982-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasının, 1993-cü ilin iyunundan 2003-cü il oktyabrınadək müstəqil Azərbaycan Respublikasının rəhbəri olmuş Ulu Öndər bütün dövrlərdə Vətəninə, xalqına sədaqətlə, ləyaqətlə xidmət etmişdir.
Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan kəşməkəşli və şərəfli yol ulu öndər Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövründən başlayır. 1969-cu ildə Heydər Əliyevin dövlətə rəhbərliyinin ilk günlərindən respublikada böyük bir inkişafın başlandığı göz önündə idi. Ulu öndər Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirmişdi. Dahi rəhbər fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq olmuşdur. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin etmişdir.
Konfransda məruzə ilə çıxış edən Bakı Dövlət Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru Aydın Musayev bildirdi ki, 1969-cu il iyulun 14-də siyasi hakimiyyətə gələn Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində qısa zaman kəsiyində Azərbaycan aqrar ölkədən gündən-günə inkişaf edən sənaye ölkəsinə çevrilmişdir. 1980-ci ildə sənaye məhsulu istehsalının həcmi 1970-ci ilə nisbətən 2,9 dəfəyə qədər artdı. Bu müddətdə maşınqayırma sənayesində istehsalın həcmi 5,3 dəfə, kimya və neft-kimya sənayesində 3 dəfədən çox, yeyinti sənayesində isə 4 dəfədən çox oldu. Sənayenin struktur quruluşunda maşınqayırma kompleksinin xüsusi çəkisi 1960-cı ildəki 5,1 faizdən 1982-ci ildə 16,4 faizə, kimya və neft-kimya, meşə sənayesi kompleksi müvafiq olaraq 4,1 faizdən 8,7 faizə, tikinti materialları sənaye kompleksi 2,7 faizdən 3,2 faizə, yeyinti sənayesi kompleksi 2 dəfədən çox artdı.
Sənaye ilə yanaşı ölkə iqtisadiyyatının əsas hissəsini təşkil edən kənd təsərrüfatı da inkişaf etdirildi. Əkinçiliyin ayrı-ayrı sahələri - pambıqçılıq, taxılçılıq, üzümçülük, tütünçülük, bağçılıq, bostan və tərəvəz, eləcə də heyvandarlıq məhsullarının istehsalı 1982-ci ildə 1969-cu illə müqayisədə 2,5 dəfədən çox oldu. Ulu öndər Heydər Əliyev ölkədə elmin və təhsilin yüksəlməsinə, yeni ali məktəblərin və ali məktəblərdə yeni ixtisasların açılmasına, Azərbaycan gəncinin mükəmməl bilik və ixtisas alaraq cəmiyyətin fəal üzvünə çevrilməsinə hər cür şərait yaratdı.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov qeyd etdi ki, ulu öndər Heydər Əliyevin həyat tarixçəsini, dövlət başçısı kimi fəaliyyət dövrünü vərəqləsək, Azərbaycan xalqına misilsiz xidmətlərinin parlaq nümunələri gözlərimiz önündə canlanar.
Milli Məclisin deputatı Sevinc Fətəliyeva vurğuladı ki, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışarkən rejimin antitürk siyasətinin mahiyyətini daha yaxından müşahidə edən xalqın böyük oğlu Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə respublikanın həyatında ictimai-siyasi və iqtisadi dönüşün, onun müstəqilliyə hesablanan yolunun başlanğıcını qoymuş oldu. Ümummilli Liderin o dövrdə həyata keçirdiyi geniş quruculuq işləri strateji xarakter daşıyır, Azərbaycanın bugünkü müstəqilliyinə xidmət edirdi.
Konfransda bildirildi ki, bu gün ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi altında çox düşünülmüş və məqsədyönlü gənclər siyasəti uğurla aparılır. Bu siyasətin təməlində ulu öndər Heydər Əliyevin tövsiyələri dayanır.
Sonda Suraxanı Rayon Heydər Əliyev Mərkəzinin sifarişi ilə hazırlanmış "Əyilməz iradə" filmi nümayiş etdirildi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB