“Heydər Əliyev və Azərbaycanda tərəqqi” mövzusunda konfrans keçirilib

“Heydər Əliyev və Azərbaycanda tərəqqi” mövzusunda konfrans keçirilib

Bu gün Qaradağ rayonunda "Heydər Əliyev və Azərbaycanda tərəqqi" mövzusunda konfrans keçirilmişdir. Qaradağ Rayon İcra Hakimiyyətindən bildirilmişdir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə güllər düzmüş, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirmişlər.

Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ümummilli Liderin zəngin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunmuşdur.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbirdə çıxış edərək Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərin Heydər Əliyev tərəfindən yaradıldığını bildirmişdir. Qeyd etmişdir ki, 1969-cu ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan qısa zaman kəsiyində ittifaq miqyasında iqtisadi baxımdan özünü təmin etməyə qadir respublikalar sırasına daxil olmuşdur. S.Mikayılov vurğulamışdır ki, Heydər Əliyevin hakimiyyəti illərində həyata keçirilən daxili siyasət sayəsində Azərbaycanda milli özünüdərk, milli özünəqayıdış, vətənpərvərliyin gücləndirilməsi baxımından əhəmiyyətli addımlar atılmışdır. Ümummilli lider Heydər Əliyev həm də böyük bir yolun başlanğıcını qoymuşdur.

Bildirilmişdir ki, 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev müstəqil dövlətin memarı və qurucusu kimi Azərbaycan tarixində ümummilli lider səviyyəsində özünə yer tutmuşdur. Ulu Öndərin müdrikcəsinə söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq" fikri bu gün həqiqətə çevrilməkdədir.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Ümummilli Liderin hakimiyyətə gəlişini Azərbaycanın yenidən dünyaya gəlməsi kimi qiymətləndirmişdir. Bildirmişdir ki, ulu öndər Heydər Əliyev Azərbaycanı bütün dünyada tanıtmışdır. Dünya dövlətləri Azərbaycanla dostluğa söykənən əlaqələr qurmuşdur və bu, özünü bu gün də göstərir. Bütün bunlar Heydər Əliyevin ölkəmizə rəhbərliyi nəticəsində reallaşmışdır. Ulu öndər Heydər Əliyev elə bir proqram hazırlamışdır ki, bu proqram Azərbaycanın uzunmüddətli inkişaf proqramı olmuşdur və bu gün də ölkəmiz Ümummilli Liderin həmin proqramına əsasən inkişaf edirik. S.Novruzov qeyd etmişdir ki, bu gün Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirir və bu siyasi kursa əsasən ölkəmiz sürətlə inkişaf edir.

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkəmizdə bütün sahələrdə sürətli inkişafın başladığını bildirmişdir. Qeyd etmişdir ki, Heydər Əliyev xalqın içindən çıxdığı üçün xalqın potensialını çox gözəl bilirdi. Ümummilli Liderin idarəçilik, liderlik qabiliyyəti yüksək səviyyədə idi. Ulu öndər Heydər Əliyev insanlarla gözəl ünsiyyət yarada bilirdi, onların problemlərini dinləyir və həmin problemlərin aradan qaldırılmasının yollarını axtarıb tapırdı. Xalqın Heydər Əliyevə inamı sonsuz idi. Heydər Əliyev hakimiyyətə gəldiyi gündən etibarən bütün sahələrin paralel sürətdə inkişafına xüsusi diqqət yetirdi. İqtisadi, siyasi, mədəni, aqrar, elm, təhsil sahələrində böyük uğurlar əldə olundu. Əhalinin əmək haqları artırıldı, insanlar daha rahat yaşamağa başladılar. Yaşından, sosial vəziyyətindən asılı olmayaraq hər kəsin Ulu Öndərə təmənnasız məhəbbəti onun gördüyü işlərin müqabilində minnətdarlıq hissinin ifadəsidir.

Digər çıxış edənlər də Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yolun öz başlanğıcını məhz 1969-cu ildən –Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə götürdüyünü bildirmişlər. Qeyd etmişlər ki, Ulu Öndərin hakimiyyətə gəlişindən sonra sənaye, kənd təsərrüfatı, mədəniyyət sahələrində intibah dövrü başlamışdır. Bu, əlbəttə, Ümummilli Liderin şəxsiyyəti, işgüzarlığı, dərin məntiqi, yüksək qabiliyyəti, intellektual səviyyəsi ilə bağlı idi.

Qeyd olunmuşdur ki, Azərbaycan Heydər Əliyevin rəhbərliyi ilə 1969-1982-ci illərdə sovet respublikaları arasında öncül yerdə olmuşdur. Ölkədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə gücləndirilmişdir. Məhz həmin illərdə Azərbaycanda ən böyük abadlıq işləri görülmüş, müasir Azərbaycan memarlığının əsərləri sayılan və respublikanın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan çoxlu binalar tikilib istifadəyə verilmişdir. Ümummilli Liderin təməlini qoyduğu inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə