Ramil Usubov: “Kriminogen durum nəzarətdə saxlanılıb”

Ramil Usubov: “Kriminogen durum nəzarətdə saxlanılıb”

İyulun 11-də Daxili İşlər Nazirliyinin 2014-cü ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafının davam etdiyini, aparılan hərtərəfli islahatların daha da dərinləşdiyini, bütövlükdə, ictimai-siyasi həyatın bütün sahələrində irəliləyişə nail olunduğunu, eyni zamanda, ictimai asayişin, vətəndaşların qanuni mənafelərinin hesabat dövründə də etibarlı qorunduğunu, qarşıda duran vəzifələrin vaxtında və tam yerinə yetirildiyini vurğulayıb.

O deyib ki, artıq uzun illərdir Azərbaycan sabitliyin və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindən biridir: " Respublikamızda əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı son 10 ildə orta hesabla 231 fakt təşkil etməklə əksər ölkələr ilə müqayisədə xeyli azdır. Cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan ötən illərin müsbət təmayülləri cari ilin 6 ayında da davam edib, kriminogen durum nəzarətdə saxlanılıb"

General-polkovnik Ramil Usubov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin ümumən qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin uğurla davam etdirildiyini, xalqa xidmət funksiyalarının və vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində fəaliyyətin daha səmərəli təşkilinin vacibliyini bildirib.

İstənilən cəmiyyətdə hər hansı tərəqqinin əsasında dayanan başlıca şərtlərdən birinin məhz daxili sabitlik və təhlükəsizlik olduğuna dair möhtərəm dövlət başçısının fikirlərini Kollegiya iştirakçılarının diqqətinə çatdıran cənab Ramil Usubov şəxsi heyətin fədakar əməyinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən növbəti dəfə yüksək qiymətləndirildiyini, peşə bayramları ərəfəsində polis orqanları və Daxili Qoşunların ümumilikdə 67 əməkdaşının dövlət mükafatları ilə təltif edildiyini, 4 rəhbər vəzifəli şəxsə ali hərbi və xüsusi rütbələr verildiyini, habelə daxili əmrlərlə xidmətdə fərqlənən 11 mindən artıq əməkdaş barəsində müxtəlif həvəsləndirmə tədbirlərinin tətbiq olunduğunu qeyd edib. Möhtərəm Prezidentin ali diqqətinin və tələbkarlığının şəxsi heyətin üzərinə daha böyük məsuliyyət qoyduğunu nəzərə çatdıran nazir bu yüksək qayğıya cavab olaraq ictimai asayişin, insan hüquq və azadlıqlarının, vətəndaşların qanuni mənafelərinin daha etibarlı qorunmasının vacibliyini vurğulayıb, xidməti fəaliyyətdə yol verilən nöqsan və çatışmazlıqların qısa müddətdə və tam aradan qaldırılmasını tələb etmiş, bu istiqamətdə bir sıra tapşırıqlar verib.

Korrupsiyaya və rüşvətxorluğa qarşı qətiyyətli mübarizə aparılmasını Azərbaycan Prezidentinin prinsipial mövqeyi kimi dəyərləndirən nazir bu cür neqativ hallarla mübarizənin davamlı olmasının, tolerantlıq baxımından hər zaman nümunə olan respublikamızda dini radikalizm təzahürlərinin qarşısının alınmasında digər dövlət orqanlarının, ictimaiyyətin nümayəndələri ilə birgə yerlərdə ideoloji və maarifləndirici işin aparılmasının, cinayətlərin profilaktikasında və açılmasında veteran polis əməkdaşlarının imkanlarından geniş istifadə edilməsinin vacibliyini xüsusi qeyd edib.

Daxili işlər naziri əmin olduğunu bildirib ki, şəxsi heyət cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu mühüm vəzifələri, hüquq qaydasının və qanunçuluğun möhkəmləndirilməsi, əməliyyat-xidməti fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tələb və tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcək, sabitliyin, əmin-amanlığın, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə