Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi" layihəsinin birinci turu başa çatdı. İyulun 6-dan 11-dək davam edən məktəb çərçivəsində hər birində 100-ə yaxın fəal gənc olan qruplar Lerik və Oğuz rayonlarında oldu, keçirilən seminar-diskussiyalara, təlimlərə qatılaraq bilik və bacarıqlarının artırılmasına nail oldular. Ümumilikdə avqustun birinci on günlüyünə qədər davam edəcək "Yay məktəbi"ndə 1000-ə yaxın gənc iştirak edəcək.
Birinci turun bağlanış mərasimindən öncə gənclərin regiona səfəri oldu. Səfər çərçivəsində onlar bölgənin maraqlı yerləri ilə tanış oldular.
Sonra bu il hərbi çağırışda olan 8 gəncin təbrik mərasimi keçirildi. Qrup rəhbəri "İki sahil" qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə onlara torpaqlarımızın müdafiəsi yolunda uğurlar arzuladı. Bildirildi ki, dövlət başçısı İlham Əliyevin orduya diqqət və qayğısı gənclərdə vətənpərvərlik hissinin daha da artmasına stimul verir. Ulu öndər Heydər Əliyevin "Hərbi xidmət insanları daha da mətinləşdirir, daha cəsarətli, dözümlü edir, çətinlikləri aradan qadırmaq keyfiyyəti aşılayır" fikirlərini önə çəkən V.Rəhimzadə bildirdi ki, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməyə qadir güclü ordusu var. Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır.
Təntənəli mərasimdə üzərində Yeni Azərbaycan Partiyasının loqosu əksini tapan tort kəsildi.
Bağlanış mərasimində YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə gənclərə yaradılan bu kimi şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə, Yeni Azərbaycan Partiyasının İcra Katibliyinə, Lerik Rayon İcra Hakimiyyətinə, "Relax" istirahət mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirdi. Qeyd olundu ki, Azərbaycanın gələcəyi olan gənclərin malik olduqları potensialın ortaya çıxarılmasında bu kimi layihələrin böyük əhəmiyyəti vardır. Gənclər bu layihələr çərçivəsində bir daha biliklərini sınayır, təcrübə mübadiləsi fonunda bilik xəzinələrini zənginləşdirir, əlaqələr qurmaq və möhkəmləndirmək imkanı əldə edirlər.
V.Rəhimzadə onu da bildirdi ki, bu gün Azərbaycan gənci ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşir, onun həyata keçirdiyi
siyasəti dəstəkləyir, gələcəyə böyük inamla addımlayır. 2013-cü il prezident seçkiləri bunun bir daha bariz nümunəsi kimi qeyd olundu. Partiyanın sıralarında birləşən 600 mindən artıq üzvün 40 faizini təşkil edən gənclər seçki kampaniyasında fəal iştirakları ilə cənab İlham Əliyevə dəstək olduqlarını təsdiqlədilər.
Bağlanış mərasimində bir qrup fəal gəncə Fəxri fərmanlar təqdim olundu. Gənclər onlara yaradılan şəraitə görə dövlət başçısı İlham Əliyevə, YAP-ın İcra Katibliyinə təşəkkürlərini bildirdilər. Bu fikir xüsusi vurğulandı ki, göstərilən etimadı əməli işləri ilə doğrultmağa çalışacaqlar. Günbəgün qüdrətlənən, zənginləşən Azərbaycanın uğurlarına töhfə vermək hər bir Azərbaycan gəncinin ən böyük arzusudur.
Sonda xatirə şəkli çəkdirildi.
Ceyhun Piriyev, "İki sahil"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB