Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İKGF), Avrasiya Regional Mərkəzi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaları üçün iftar məclisi təşkil etmişdir. İKGF Avrasiya Regional Mərkəzinin direktoru Elçin Əsgərov bu cür mənəvi dəyəri olan tədbirlərin həm də müsəlman ümmətinin nümayəndələri arasında səmimi münasibətlərə öz töhfəsini verdiyini söyləmişdir.
Azərbaycan-İƏT münasibətlərindən danışan E.Əsgərov Prezident İlham Əliyevin bir neçə gün əvvəl diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində söylədiyi nitqdə bu əlaqələrə də toxunduğunu xatırlatmışdır. O, Prezident İlham Əliyevin Azərbaycanın İƏT çərçivəsindəki fəaliyyətinə verdiyi önəmi, təşkilat ilə əlaqələrin ölkəmizin xarici siyasəti üçün prioritet sahələrdən biri olduğunu vurğulamışdır.
E.Əsgərov bu cür iftar süfrələrinin artıq xoş ənənəyə çevrildiyini qeyd etmiş və İKGF-nin fəaliyyəti haqda qonaqlara məlumat vermişdir. O, bu il Forumun öz fəaliyyətinin onuncu ilinə qədəm qoyduğunu və bununla bağlı, sentyabrda İstanbulda 45-dən artıq müsəlman ölkəsinin gənclər təşkilatlarının iştirakı ilə təntənəli beynəlxalq yubiley mərasiminin keçiriləcəyini qeyd etmişdir.
İftar məclisində iştirak edən diplomatik korpusun nümayəndələri adından Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayser və İndoneziyanın səfiri Prayono Atiyanto bildirmişlər ki, bu gün dünya çox həssas dönəmini yaşayır və belə dönəmdə müsəlman ölkələrinin, xüsusilə gənclərin əməkdaşlığı, onların bir-birilərini tanımaları, müsəlman ölkələri arasına salınmağa cəhd edilən nifaqı aradan qaldıraraq bir-birilərinə dəstək vermələri və birliyi çox önəmlidir. Bu gün müsəlman ölkələrinin gəncləri üçün təhsil və inkişaf nə qədər zəruridirsə, öz kimliklərini qoruyaraq bir-biriləri ilə dostluq və əməkdaşlığı genişləndirmələri də bir o qədər zəruridir. Diplomatlar bu baxımdan İKGF-nin İƏT ölkələri gənclərinin əməkdaşlığına yönəlmiş layihələrini yüksək qiymətləndirdiklərini bildirmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB