İyunun 1-nə olan məlumata görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 0,5 faiz artaraq 9520,3 min nəfərə çatmışdır. Dövlət Statistika Komitəsindən bildirmişlər ki, əhalinin sıxlığı bir kvadratkilometrə 110 nəfərdir. Əhalinin ümumi sayının 53,2 faizini şəhər, 46,8 faizini isə kənd sakinləri təşkil edir. Onların 49,7 faizi kişilərdən, 50,3 faizi qadınlardan ibarətdir. Əhalinin 22,4 faizi 14 yaşadək, 71,8 faizi 15-64 yaşda, 5,8 faizi isə 65 və daha yuxarı yaşda olan insanlardır. Hazırda hər 1000 kişiyə 1011 qadın düşür.
Cari ilin ilk 5 ayı ərzində ölkədə 67,3 min, yaxud hər gün orta hesabla 445 körpə doğulmuşdur. Onların 53,6 faizi oğlan, 46,4 faizi isə qızdır. Körpələrin 1150-si əkiz, 30-u isə üçəm doğulmuşdur.
Həmin müddətdə ölkədə 24,4 min ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə düşən ölüm əmsalı dəyişməyərək ötən ilin müvafiq dövrü ilə eyni səviyyədə (6,3) qalmışdır.
Bu ilin yanvar-may aylarında rəsmi orqanlar tərəfindən 30,9 min nikah və 5 min boşanma halı qeydə alınmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfəri hesabı ilə nikah və boşanmaların sayında da dəyişiklik baş verməmişdir.
Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən ötən 5 ayda daimi yaşamaq üçün Azərbaycana 675 nəfər gələn və 319 nəfər ölkədən gedən qeydə alınmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB