Salyanda gənclər təntənəli surətdə ordu sıralarına yola salınmışlar

Salyanda gənclər təntənəli surətdə ordu sıralarına yola salınmışlar

Salyan şəhərində çağırışçı gənclərin hərbi xidmətə yola salınması münasibətilə keçirilən mərasimdə ölkəmizin ordu quruculuğu sahəsində əldə etdiyi uğurlardan ətraflı danışılmışdır. İctimaiyyət nümayəndələrinin, ziyalıların və valideynlərin iştirak etdikləri mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov çağırışçı gənclərə uğurlar arzulamış, onlara Vətənin keşiyində ayıq-sayıq durmağı tövsiyə etmişdir.

Ölkəmizin ordu quruculuğu sahəsində qazandığı uğurları diqqətə çatdıran Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin rəisi Tural Məmmədov bildirmişdir ki, salyanlı gənclər də böyük ruh yüksəkliyi ilə hərbi xidmətə yola düşür və onlar Vətənimizin ərazi bütövlüyünü qorumaq kimi müqəddəs borcu şərəflə yerinə yetirəcəklər.

Azərbaycan Silahlı Qüvvələrinin istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır olduğunu deyən valideynlər, ictimaiyyət nümayəndələri qeyd etmişlər ki, salyanlı gənclər də hərbin sirlərinə dərindən yiyələnməli, torpaqlarımızı düşmən tapdağından azad etməyə hər zaman hazır olmalıdırlar.

Çağırışçı gənclərin nümayəndələri Vətəni göz bəbəyi kimi qoruyacaqlarını, ayıq-sayıq döyüşçülər olacaqlarını bildirmişlər.

Sonra gənclər musiqi sədaları altında təyin olduqları hərbi hissələrə yola salınmışlar.

Bütün xəbərlər Facebook səhifəmizdə