Ağdaşda fiziki və əqli cəhətdən qüsurlu uşaqlar üçün tədbir keçirilib

Ağdaşda fiziki və əqli cəhətdən qüsurlu uşaqlar üçün tədbir keçirilib

"Gənclərin Gələcəyi" İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ağdaş rayon şöbəsinin və rayon təhsil şöbəsinin birgə dəstəyi ilə iyulun 11-də fiziki və əqli cəhətdən qüsurlu uşaqlarla bağlı tədbir keçirilmişdir. "Gənclərin Gələcəyi" İctimai Birliyinin "Ümidləri yaşadaq" layihəsi çərçivəsində M.Şeyxzadə adına Ağdaş Texniki, Təbiət və Humanitar Təmayüllü Gimnaziyada keçirilən mərasimdə fiziki və əqli cəhətdən qüsurlu uşaqlar, onların müəllimləri və valideynləri, eləcə də rayon təhsil şöbəsinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edən "Gənclərin Gələcəyi" İctimai Birliyinin sədri Rəhman Cəfərli təşkilatın gördüyü işlər və gələcək planları barədə məlumat vermişdir. Bildirmişdir ki, təşkilat uşaq və gənclərlə bağlı idman yarışları, sağlamlıq və təhsil sahələrində tədbirlər həyata keçirir, istirahət, əyləncə və maarifləndirmə mövzusunda layihələr icra edir.

Rəhman Cəfərli ölkəmizdə fiziki və əqli cəhətdən qüsurlu uşaqlara göstərilən dövlət qayğısından, onların problemlərinin həlli istiqamətində görülən işlərdən danışmışdır.

Rayon təhsil şöbəsi müdirinin müavini Hürü Əliyeva uşaqları və onların valideynlərini qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik etmişdir. O, əlilliyi olan uşaqların sosial müdafiəsi, tibbi-sosial reabilitasiyası, onlara layiqli həyat şəraitinin yaradılması istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər barədə məlumat vermiş, bu istiqamətdə layihələr reallaşdıran "Gənclərin Gələcəyi" İctimai Birliyinin kollektivinə uğurlar arzulamışdır.

Musiqili-əyləncəli tədbirdə uşaqlar üçün şirniyyat süfrəsi təşkil edilmişdir.

Sonra fiziki və əqli cəhətdən qüsurlu uşaqların rəsm əsərlərindən ibarət sərgisi, onların səsləndirdikləri şeir və mahnılar, nümayiş etdirdikləri oynaq rəqslər tədbir iştirakçılarına xoş ovqat bəxş etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə