Səmərqənddə “Azərbaycan mərkəzi” yaradılacaq

Səmərqənddə “Azərbaycan mərkəzi” yaradılacaq

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan bu ölkədəki səfirliyinin birinci katibi Samir Abbasov Səmərqənd Dövlət Universitetində bir sıra görüşlər keçirmişdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, universitetin prorektoru, beynəlxalq əlaqələr departamentinin rəhbəri Nargiza Abduvaxidova ilə görüşdə bu qocaman təhsil ocağında "Azərbaycan mərkəzi"nin yaradılması barədə razılıq əldə olunmuşdur.

Mərkəzin yaradılması ilə əlaqədar Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi tərəfindən lazımi təşkilati köməkliyin göstəriləcəyi bildirilmişdir.

Mərkəzdə kitabxananın, kinozalın, Azərbaycan mədəniyyətini, tarixini əks etdirən guşələrin yaradılacağını söyləyən S.Abbasov bildirmişdir ki, bu bölmələrə xalqımızın tarixini, mədəniyyətini, ədəbiyyatını, incəsənətini əks etdirən kitablar, videomateriallar, fotoşəkillər hədiyyə olunacaqdır.

Görüş zamanı Səmərqənd Dövlət Universiteti ilə Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlıq əlaqələrinin yaradılması və birgə layihələrin həyata keçirilməsi müzakirə olunmuşdur.

Səfər çərçivəsində Samir Abbasov Orta Asiyada tanınmış azərbaycanlı mütəfəkkir, mətbuat xadimi, Özbəkistanda ilk teatrın əsasını qoyan, naşir Seyid Rza Əlizadənin Səmərqənddəki ev- muzeyində olmuşdur.

Seyid Rza Əlizadənin nəvəsi, araşdırmaçı Fərxad Əlizadə ilə görüşdə muzeyin gələcək fəaliyyəti və tanınmış mütəfəkkirin irsinin araşdırılmasının davam etdirilməsi, aşkar olunmuş yeni eksponatların nümayişi, habelə muzeyin Səmərqənddəki digər tarixi abidələr kimi turizm marşrutlarına daxil edilməsi məsələləri müzakirə edilmişdir.

Səmərqənddəki Afrosiab Dövlət Tarixi Muzey-Qoruğunu da ziyarət edən Samir Abbasov muzeyin direktoru Samariddin Mustafakulov ilə görüşmüşdür.

Görüşdə Afrosiab Muzeyi ilə Azərbaycan muzeyləri arasında əməkdaşlıq əlaqələrinin yaradılması və birgə elmi tədqiqatların aparılması məsələləri müzakirə olunmuş və Səmərqənddə təşkil olunacaq "Xalqların tarixi və adət-ənənələri" muzeyində Azərbaycan bölməsinin yaradılması məsələsi barədə razılıq əldə edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə