Ombudsman nümayəndələri Zaqatalada zəlzələ zonası ilə maraqlanıblar

Ombudsman nümayəndələri Zaqatalada zəlzələ zonası ilə maraqlanıblar

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Şəki Regional Mərkəzinin əməkdaşları 29 iyun 2014-cü il tarixində Zaqatala rayonunda baş vermiş zəlzələ ilə əlaqədar Zaqatala Rayon İcra Hakimiyyətində olub, icra başçısının birinci müavini Elman Ramazanovla görüşərək bərpa işlərinin tətbiqi ilə tanış olublar.

Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, görüş zamanı Regional Mərkəzin rəhbəri Pərviz Məmmədov Ombudsmanın insan hüquqlarının müdafiəsini və təmin olunmasını daim diqqət mərkəzində saxladığını vurğulayıb, Zaqatalada baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması sahəsində rayonda aparılan işlərin gedişi ilə maraqlandığını bildirib.

E. Ramazanov Müvəkkilin təbii fəlakət zonasında yaşayan əhalinin vəziyyəti ilə bağlı göstərdiyi diqqət və qayğıdan məmnun olduğunu qeyd edib. O, baş vermiş zəlzələ nəticəsində ərazidəki kommunal xətlərə və təhsil müəssisələrinə, demək olar ki, zərər dəymədiyini söyləyib.

Lakin bəzi səhiyyə müəssisələrinə dəymiş zərərlə bağlı rayon icra hakimiyyətinə daxil olmuş məlumatların, həmçinin sakinlərin ünvanladığı müraciətlərin Fövqəladə Hallar Nazirliyinin rayonda fəaliyyət göstərən komissiyalarına təqdim edildiyi diqqətə çatdırılıb.

Həmin komissiyalar tərəfindən hazırda yerlərdə müvafiq baxışlar keçirilir və lazımi tədbirlər görülür.

Qeyd olunmalıdır ki, Ombudsman təbii fəlakət zonasına dəfələrlə səfərlər etmiş, zərər çəkmiş əhali ilə görüşüb.

E.Süleymanova "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi ilə bağlı respublikamızın hər bir rayonunda ictimai dinləmələr keçirmiş, Şəki, Zaqatala, Balakən, Qax, Oğuz, İsmayıllı rayonlarında təşkil edilmiş ictimai dinləmələrdə müvafiq icra hakimiyyəti başçıları, məhkəmə, prokurorluq, polis, digər aidiyyəti dövlət orqanlarının, bələdiyyələrin nümayəndələri ilə birgə həm də bu regionda baş vermiş zəlzələlər, torpaq sürüşmələri nəticəsində bəzi evlərin, sosial obyektlərin qəzalı vəziyyətə düşməsi və yaranmış digər çətinliklərlə, əhaliyə, müəssisələrə dəymiş zərərin aradan qaldırılması, onların əmlakının və asayişinin mühafizəsinin təmin olunması ilə bağlı məsələləri də müzakirəyə çıxarmış, bu istiqamətdə problemlərin həllinə birgə səylərlə nail olmağın mümkünlüyünü vurğulayıb.

Qeyd olunub ki, əhalinin təbii fəlakətlə üzləşdiyi əvvəlki hadisələrdə də ölkə Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında Fövqəladə Hallar Nazirliyinin (FHN) operativ qərargahı yaradılıb, insanlar ərzaqla, çadır və digər sığınacaqlarla təmin ediliblər. Zərər çəkən əhali üçün yeni evlər inşa edilib, qəzalı vəziyyətə düşən məktəb binaları bərpa olunub. Bu dəfə də FHN ehtiyacları aradan qaldırmaq üçün operativ və dinamik tərzdə lazımi tədbirlər həyata keçirir

Bütün xəbərlər Facebook səhifəmizdə