Honduras Respublikasının iqtisadi inkişaf naziri Alden Riveranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. SİA-nın məlumatına görə, səfərin ilk günü Honduras nümayəndə heyəti Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyublar.
Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını da ziyarət edib, abidəsi önünə çiçək dəstələri düzmüşlər. Honduras nümayəndə heyəti həmçinin, Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.
Həmin gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Honduras Respublikasının iqtisadi inkişaf naziri Alden Riveranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdən əvvəl Honduras nümayəndə heyəti Bakı Biznes Mərkəzində təşkil edilmiş Azərbaycanın son 10 ildəki sosial-iqtisadi inkişafına dair sərgi ilə tanış olubar.
İki ölkə arasında mövcud əlaqələrə və əməkdaşlıq perspektivlərinə dair ətraflı fikir mübadiləsinin aparıldığı görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında siyasi əlaqələrin inkişaf etdiyini, Honduras nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcəyini qeyd edib.
Hondurasın ölkəmizin haqlı mövqeyini dəstəklədiyini vurğulayan nazir Şahin Mustafayev Honduras Milli Konqresinin Azərbaycan ərazilərinin işğalı və Xocalı soyqırımını tanıyan qərar qəbul etdiyinə görə təşəkkür edibr. Görüşdə ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində hüquqi və iqtisadi bazanın yaradılmasının zəruriliyi diqqətə çatdırılıb, iki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş layihəsi üzərində iş aparıldığı qeyd olunub.
Honduras Respublikasının iqtisadi inkişaf naziri Alden Rivera sürətlə inkişaf edən Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün fikir mübadiləsinin aparılmasının əhəmiyyətini qeyd edib. Hondurasın iqtisadiyyatına dair təqdimatında cənab Alden Rivera ölkəsində həyata keçirilən dövlət proqramları və potensial layihələr barədə məlumat verib, Azərbaycan iş adamlarını bu layihələrdə iştiraka dəvət edib.
İyulun 12-dək davam edəcək səfər çərçivəsində Hondurasın iqtisadi inkişaf naziri Alden Riveranın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Bayraq Meydanı və "İçərişəhər"lə tanış olub. İyulun 11-də isə nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB