Konfransın açılış mərasimi keçirilib

Bu gün "Dünya Türk Gəncləri Birliyi" İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Regional münaqişələr və gənclərin sülhyaratma təşəbbüsləri" adlı konfransın açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, konfransda "Dünya Türk Gəncləri Birliyi"nin sədri Əkrəm Abdullayev, Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin Analitik informasiya sektorunun müdiri Ərəstü Həbibbəyli, Prezidentin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunun məsləhətçisi Səbuhi Rzayev, Azərbaycan Respublikası Prezidentinin yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, Azərbaycan Respublikası Prezidentinin yanında Deövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru Elman Nəsirov, Avrasiya Təhlükəsizlik və Stratejik Araşdırmalar mərkəzinin rəhbəri Hatəm Cabbarlı, "İrəli" İctimai birliyinin sədri Mirhəsən Seyidov, Türkməneli Mədəniyyət Mərkəzinin direktoru Mustafa Ziya, media nümayəndələri və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə "Dünya Türk Gəncləri Birliyi"nin sədri Əkrəm Abdullayev açaraq sözügedən konfransın hazırda dünyada baş verən və yekunlaşmış münaqişələrin həllindəki rolu müzakirə olunduğunu söyləyib: "Burada Yaxın və Orta Şərq, Qafqaz və Mərkəzi Asiya bölgələri, eləcə də, Balkanlar və Qaradəniz bölgəsindəki münaqişələrə diqqət çəkiləcək və Azərbaycan üçün ən vacib məsələ olan Dağlıq Qarabağ məsələsi müzakirə olunacaq. Buraya 10 ölkədən rəsmi nümayəndəsi də qatılıb. Münaqişə məsləsi heç də Azərbaycan üçün yeni mövzu deyil. Bəllidir ki, Azərbaycan gəncləri münaqişədən çox əziyyət çəkir".

Daha sonra digər qonaqlar da çıxış edərək dövlətin gənclərə istənilən sahədə böyük qayğı göstərdiyini diqqətə çatdırıblar. Bildirilib ki, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal olunması dünya ictimaiyyəti tərəfindən göz yumulan ədalətsizliyə hələ də xalqımız dözür. Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra istənilən sahədə böyük uğurlar qazanıb. Lakin Ermənistan dövləti hazırda iqtisadi böhran keçirir. Konfransda çıxış edənlər bildiriblər ki, hazırda gənclər iki istiqamətdə, ya dağıdıcı funksiyanı, ya da sülh yaratma funksiyasını seçəcəklər. Natiqlər Azərbaycanın öz ərazi bütövlüyünə yalnız sülh yolu ilə nail olmaq istədiyini söyləyiblər.

Türkməneli Mədəniyyət Mərkəzinin direktoru Mustafa Ziya çıxışında hazırda Kərkükdə vəziyyətin çox ağır olduğunu bildirib: "Hər gün Kərkükdə qocalar, körpələr, qadınlar terrorun qurbanına çevrilir. Bu haqda danışmaq çox çətindir. Ancaq onlara kömək lazımdır. Onu da deyim ki, dünya bu faciəyə hələ də susur".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...