Qəbələ Rayon İcra Hakimiyyətinin nəzdindəki narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyanın təşkilatçılığı ilə "Narkomaniyaya qarşı mübarizə mənəviyyatımızın xilası deməkdir" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Qəbələ Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayonun müxtəlif idarə, müəssisə və təşkilatlarında çalışan fəal gənclər, həmçinin ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbirdə çıxış edən komissiyanın üzvü, rayon gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov bildirmişdir ki, "dəyirmi masa"nın əsas məqsədinin bəşəriyyət üçün faciəyə çevrilən narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizədə gəncləri fəal olmağa və onları bu sahədə maarifləndirməkdir. O, narkomaniyaya qarşı mübarizə sahəsində Prezident İlham Əliyevin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nın icrası məqsədilə Sərəncam imzaladığını və bu sənəddən irəli gələn vəzifələrin daim diqqət mərkəzində olduğunu nəzərə çatdırmışdır. Hazırda Qəbələ rayonunda qeydiyyatda olan narkotik vasitə istifadəçiləri arasında yeniyetmə və gənclərin olmadığı bildirilmişdir. Lakin buna baxmayaraq rayon gənclər və idman idarəsi tərəfindən narkomaniyaya qarşı mübarizə məqsədilə vətəndaş cəmiyyətinin imkanlarından istifadə etməklə, gənclər arasında bu kimi zərərli vərdişlərin mənfi fəsadlarının aradan qaldırılması istiqamətində ardıcıl iş aparıldığı diqqətə çatdırılmışdır.
Tədbir iştirakçıları narkomaniyanın dəhşətli fəsadlarından danışmış, gəncləri və yeniyetmələri pis vərdişlərdən uzaq olmağa səsləmişlər. Natiqlər "ağ ölüm" adlandırılan və bəşəriyyət üçün ən qorxulu ictimai bəla olan narkomaniyanın bu gün dünyanın qlobal problemlərindən birinə çevrildiyini vurğulamışlar.
Qeyd olunmuşdur ki, Qəbələdə vaxtaşırı olaraq maarifləndirici tədbirlər təşkil edilir. Bu da narkomaniyaya qarşı mübarizə baxımından mühüm əhəmiyyətə malikdir. Lakin görülən işlərlə kifayətlənmək olmaz. Narkomaniyaya qarşı mübarizənin fəaliyyət dairəsini daha da genişləndirmək lazımdır.
Tədbirdə gənclərə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verilmişdir.
Sonda tədbir iştirakçılarının təklifləri dinlənilmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB