Bu ilin iyun ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilmişdir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirmişlər ki, bu müddətdə dövlət sərhədini pozduqları üçün 38 halda 47 nəfər saxlanılmışdır. Onların 24-ü Azərbaycan, 11-i Özbəkistan, 3-ü Rusiya, 2-si İran və hər ölkədən bir nəfər olmaqla Gürcüstan, Nigeriya, Moldova, Tacikistan, Qırğızıstan, Ukrayna, Almaniya vətəndaşı olmuşdur.
Sərhəd rejim qaydalarını pozduqlarına görə 5 halda 10 nəfər, Xəzər dənizində 28 halda 41 nəfər saxlanılaraq inzibati məsuliyyətə cəlb olunmuşdur.
Sərhəd nəzarəti məntəqələrində dövlət sərhədindən keçməyə cəhd edərkən hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 223 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 11 halda 4 kiloqram 326 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır. O cümlədən iyunun 4-də Beyləqan rayonunun 1-ci Şahsevən kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana keçməyə cəhd edərkən saxlanılmış İran vətəndaşı Hüseyni Hüseyn Mircəlil oğlunun üzərindən 2 kiloqram həşiş, "Maqnium-200" markalı tapança, mobil telefon, iyunun 10-da Cəlilabad rayonunun Dələli kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana keçməyə cəhd edərkən saxlanılmış Cəlilabad rayon sakini Əsədov Müşfiq Bəylər oğlunun üzərindən 690 qram marixuana aşkarlanmışdır.
"Astara" sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçərkən Lənkəran rayon sakinləri Ramazanova Ayna Babacan qızının üzərindən 105 qram, Hüseynova Mehriban Ağabala qızından 193,2 qram tiryək, Bakı şəhər sakini Fətullayeva Cəmilə Əlikram qızının və onun həyat yoldaşı Astara rayon sakini Fətullayev Rauf Elman oğlunun əl yüklərindəki xalçaya tikilmiş 265 qram heroin, Bakı şəhər sakini Bəşirov Pərviz Rüstəm oğlunun əl yükündən 950 qram marixuana aşkar olunaraq aidiyyəti üzrə təhvil verilmişdir.
Ay ərzində Astara, Lerik, Yardımlı və Zaqatala rayonlarının ərazisində 4,6 hektar sahədən ümumi çəkisi 9 ton 267,6 kiloqram narkotik tərkibli bitki, 40 halda ümumi dəyəri təqribən 163 min manat olan qaçaqmalın, o cümlədən 4 tapança, 16 millimetrlik iki tüfəng, müxtəlif ölçülü 114 patron, bir zirehli gödəkçə, 15 elektroşok, bir beşbarmaq, 35 qızıl-gümüş qol saatı, 34 min 500 Avropa valyutası, 636 araq, 1780 qutu siqaret, 131,9 min dərman preparatı, bir at, 145 pirotexniki vasitə, ərzaq və sənaye mallarının dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınmışdır.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB