Ulu Öndərin ilk dəfə siyasi hakimiyyətə gəlişi münasibətilə tədbir keçirilib FOTOLAR
Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycan Elmi Tədqiqat Baytarlıq İnstitutunun akt zalında Ümummilli Lider Heydər Əliyevin 1969-cu il 14 iyul tarixində Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlişi münasibətilə tədbir keçirilib.
SİA-nın xəbərinə görə, öncə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən "Baytarlıq təbabəti" ərazi ilk partiya təşkilatının sədri Səhman Bayramov Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixində mühüm yer tutduğunu və müstəqil müasir dövlətimizin siyasi-iqtisadi, mədəni həyatının inkişafının əsasını qoyduğunu vurğulayıb.
O, bildirib ki, Azərbaycanın müasir tarixinin - 1960-cı illərin axırlarından XXI əsrin əvvəlinədək olan müddəti Ümummilli liderin adı ilə bağlıdır. Bu illər ərzində Ulu öndər Azərbaycan xalqı ilə birgə tarixin ağır sınaqlarını dəf edib, müstəqil Azərbaycan dövlətini yaradaraq onun parlaq gələcəyinin əsasını qoyub.
Çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov söyləyib ki, müasir Azərbaycan dövlətinin banisi və qurucusu olan Ulu Öndər Heydər Əliyev ölməz şəxsiyyəti və möhtəşəm dövlətçilik fəaliyyəti ilə tarixdə özünəməxsus yer tutur: "O, müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, xalqımızın müstəqillik arzusunun həyata keçməsinə nail olmaqla yanaşı, həm də dövlətimizin müasir beynəlxalq münasibətlər sisteminin fəal aktoruna çevrilməsi uğrunda qətiyyətli və ardıcıl mübarizə aparıb".
Tədbirdə çıxış edən "Baytarlıq təbabəti" ərazi ilk partiya təşkilatının sədr müavini Nahidə Rzayeva, gənc partiya fəalı Rauf İsmayılov və başqaları bütün həyat və fəaliyyətini öz xalqının xoşbəxtliyinə həsr etmiş Ümummilli liderin mənalı ömür yolundan, Azərbaycanın inkişafı və tərəqqisi naminə misilsiz xidmətlərindən bəhs edib, Onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildiriblər.
Qeyd olunub ki, Heydər Əliyevin tariximizdə oynadığı rol illər keçdikcə daha dərindən dərk edilir, əsl qiymətini alır.
Çıxışlarda Ulu Öndərin əsasını qoyduğu uğurlu sosial-iqtisadi siyasətin hazırda dövlətimizin başçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığı, sosial-iqtisadi sahədə, regionların iqtisadi inkişafında böyük irəliləyişlərə nail olunduğu xüsusi vurğulanıb.
Tədbirin sonunda partiyaya daxil olan yeni üzvlərə vəsiqələr və YAP Nizami rayon təşkilatının nəzdində fəaliyyət göstərən Heydər Əliyev Məktəbinin gənc məzunlarına sertifikatlar təqdim olunub.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB