Rauf Zeyni: “Uğurlu dövlət siyasəti vətəndaş cəmiyyətinin möhkəmlənməsi və inkişafı üçün zəmin yaratdı” MÜNASİBƏT
""Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında QHT-lərin digər vətəndaş cəmiyyəti institutlarımızın, eləcə də dövlətimizin inkişaf perspektivləri ilə bağlı bütün məqamlar öz əksini tapıb". Bu fikirləri SİA-ya açıqlamasında Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Azərbaycanda vətəndaş cəmiyyətinin inkişaf perspektivləri ilə bağlı fikirlərini bildirərkən qeyd edib.
"Ona görə də üçüncü sektorun inkişafı ilə bağlı başqa hansısa sənəd, konsepsiya aparmağa ehtiyac yoxdur", - deyə bildirən Milli QHT Forumunun prezidenti onu da qeyd edib ki, sözügedən konsepsiyada hər şey göstərilib: "QHT evlərinin, regionlarda yeni resurs və təlim mərkəzlərinin yaradılması, mərkəzdə, eləcə də regionlarda vətəndaşların, xüsusən gənclərin daha çox vətəndaş cəmiyyəti institutlarına cəlb edilməsi bu sektorun daha da inkişafına təkan verəcək. Həmçinin, QHT-lərin ofislə təmin edilməsi, maddi-texniki bazasının yaradılması və ya yaxşılaşdırılması məhz üçüncü sektorun inkişafına kömək olacaq addımlardandır. Bütün bunlar QHT-lər üçün şəraitin yaradılmasıdır. Bu imkanların yaradılması, mövcud problemlərin həll edilməsi isə daha çox insanın, geniş kütlələrin bura cəlb edilməsi deməkdir. İnsanların öz asudə vaxtlarını təşkil etməsi, gənclərin təşkilatlanması, təcrübələnməsi, müxtəlif bilik və bacarığa yiyələnməsi, ofis, kompüter, dili biliklərinə yiyələnməsi məhz QHT-lərin daha güclü olması nəticəsində baş verə bilər. Bütün bunlarla yanaşı, nəticədə insanların vətəndaş cəmiyyəti institutlarının mahiyyətini anlaması, onu öyrənməsi gələcək fəaliyyəti üçün böyük bir əsas təşkil edir. Eyni zamanda veteranların, şəhid ailələrinin, əlillərin və onların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, hüquqlarının müdafiə edilməsi vətəndaş cəmiyyəti olaraq bizim başlıca vəzifələrimizdən biridir. Ona görə də üçüncü sektorun perspektivi var. Yəni cəmiyyətimizdə savadlı, ziyalı, təşkilatlanmış, təhsilli, eləcə də xaricdə təhsil almış gənclərimiz mövcuddur".
Ümumiyyətlə cəmiyyətimizdə müxtəlif təbəqələrin olduğunu deyən Rauf Zeyni həmçinin qeyd edib ki, bütün bu insanların vətəndaş cəmiyyətinin işində yaxından iştirak etməsi, bura cəlb edilməsi məqsədi ilə Milli QHT Forumu daha daha da inkişaf etdirməli, təşkilatlanmalı və geniş iş aparmalıdır: "Bunları həyata keçirmək üçün isə dövlət dəstəyi vacibdir. Bunlardan biri dövlət sosial sifarişinin vətəndaş cəmiyyətinə daha çox etibar etməsidir. Hesab edirəm ki, dövlət sosial sifarişləri daha çox QHT-lərə verilməlidir. Bu vasitə ilə üçüncü sektorun dövlət proqramlarının icrasına daha geniş cəlb olunmaqla burada balansını artırmaq lazımdır. Bu yeni iş yerlərinin açılması ilə bərabər, eyni zamanda dövlət vəsaitinin əldə edilməsi və işin daha da gücləndirilməsi, səmərəliliyin artırılması deməkdir".
R.Zeyni onu da vurğuladı ki, vətəndaş cəmiyyətinin qurulması təkcə bir qrup şəxslərə, fədailərə aid deyil: "Vətəndaş cəmiyyəti bütövlükdə dövlət səviyyəli bir məsələdir. Odur ki, üçüncü sektorla əlaqələr qurmayan ayrı-ayrı nazirliklər, məmurlar bu məsələyə diqqətlə yanaşmalı və bu sahədə olan qərarları, konsepsiyaları, eləcə dövlət rəhbərlərinin vətəndaş cəmiyyəti institutlarına yanaşmasını nəzərə almalıdırlar. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında doqquzuncu fəsil məhz vətəndaş cəmiyyətinin inkişafına həsr edilib. Mən sizin qəzetin tribunasından istifadə edərək QHT-lərlə əməkdaşlıqda maraqlı olmayan bəzi məmurlara deyirəm ki, o konsepsiyanı açıb oxusunlar. Müstəqillikdən sonrakı illər ərzində Azərbaycanda vətəndaş cəmiyyətinin qurulmasını, dövlətimiz tərəfindən bu sahəyə ayrılan diqqət və qayğıya məmnuniyyətlə yanaşır, bunu müsbət qiymətləndiririk. Fikrimcə, Azərbaycan dövləti, iqtisadiyyatı daha da gücləndikcə, eləcə də imkanlar genişləndikcə biz regionlarda da vətəndaş cəmiyyətini gücləndirəcəyik. Güclü vətəndaş cəmiyyətinin yaradılması insanlarımızın yad, kənar təsirlərə məruz qalmasının, ona qoşulmasının qarşısını almaqla bərabər, vətəndaşlarımızın ölkəmizin, dövlətimizin, vətəndaş cəmiyyəti institutlarımızın inkişafında yaxından iştirak etməsinə səbəb olacaq. Bu, onlar öz vətəndaş təşəbbüslərini inkişaf etdirməsi ilə yanaşı, onların iş yerləri ilə təmin olunması, təlimatlanması, təşkilatlanması deməkdir. Hesab edirəm ki, vətəndaş cəmiyyətinin inkişafını dedikdə biz bu məqamları nəzərə almalıyıq".
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti onu da xatırlatdı ki, 22 noyabr 2013-cü ildə Milli Məclis "İctimai iştirakçılıq haqqında" qanun qəbul edilib: "16 yanvar 2014-cü ildə qanun tətbiqi haqqında Cənab Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana görə, qanun 1 iyun 2014-cü il tarixdən qüvvəyə minib. Bütün bunlar cəmiyyətimiz və dövlətimizin həyatında olduqca mühüm hadisədir. Təsəvvür edin ki, bu qanun imkan verəcək ki, 16 yaşına çatmış istənilən Azərbaycan vətəndaşı mərkəzi və yerli icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuraların üzvü olsun, ictimai əhəmiyyətli istənilən qərarın qəbulunda sözünü desin və əhalinin qanuni marağını qoruya bilsin. Bax, budur bu qanun əsas mahiyyəti. Ona görə də hesab edirəm ki, ictimai və ya vətəndaş iştirakçılığının bu səviyyədə tətbiqi indiyə kimi Azərbaycanda uğurla həyata keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və demokratikləşmə prosesinin davamı və dövlət - vətəndaş münasibətlərinin inkişafında növbəti, keyfiyyətcə yeni mərhələnin başlanğıcı olacaqdır. İnanıram ki, həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti institutları ictimai şuraların yaradılması prosesində xüsusi fəallıq nümayiş etdirəcək və dövlətimizin yaratdığı bu imkandan səmərəli şəkildə istifadə edəcəklər".
Rəfiqə Kamalqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB