Vüqar Tofiqli: "Qanunsuzluğun qarşısının alınması üçün dövlət strukturları ciddi tədbirlər görməlidir"
Bu gün birmənalı mövqe ondan ibarətdir ki, Azərbaycan dünyanın iqtisadi mərkəzinə çevrilib. Təbii ki, bu cür uğurlara aparılan düzgün, məqsədyönlü siyasət nəticəsində nail olunub. Aparılan siyasətin bəhrəsini insanlar görür. Demək olar ki, Azərbaycan əhalisinin yaşayış durumu hər ötən ilə nisbətən daha da yaxşılaşır. İnsanların asudə vaxtlarının səmərəli təşkili üçün hər cür şəraitlər yaradılır. Quruculuq-abadlıq işləri, yeni parkların, xiyabanların salınması, yolların çəkilməsi ardıcıl xarakter daşıyır. Bu işlərin sürətləndirilməsi üçün yerli qurumlar da öz fəallıqları ilə seçilirlər. Xüsusilə də, bu istiqamətdə bələdiyyələrin fəaliyyəti daha çox diqqəti cəlb edəndir. Nəzərə almaq lazımdır ki, bələdiyyələrin statusu haqqında qanuna görə, bələdiyyələr yerli-sosial müdafiə və sosial proqramları hazırlayıb həyata keçirə bilərlər. Bu yerdə təəssüf hissi ilə bildirmək lazımdır ki, bəzi bələdiyyələr qanunvericilikdə nəzərdə tutulan müddəaları heç də yerinə yetirmirlər. Bu da haqlı olaraq bələdiyyələrə əhalinin inamının azalmasına gətirib çıxarır.
Binəqədi bələdiyyəsi reketçiliklə məşğuldur
Milli Məclisə təqdim edilmiş bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı 2013-cü il illik məruzədə ədliyyə nazirinin müavini Vilayət Zahidovun qeyd etdiyinə görə, 2013-cü ildə 25 bələdiyyə ilə bağlı cinayət işi prokurorluğa göndərilib: "Keçən iş prokurorluğa göndərilmiş 25 materialdan 7-si üzrə cinayət işi qaldırılıb. Onlardan 3-ü üzrə istintaq yekunlaşaraq müvafiq məhkəmələrə göndərilib, 1 cinayət işi üzrə artıq ittiham hökmü çıxarılıb".
Sərt cəzaların tətbiq edilməsinə baxmayaraq, bəzi bələdiyyələr hələ də reketçiliklə məşğul olurlar. Belələrindən biri də Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsidir. Bu barədə Binəqədi qəsəbəsi Gülüstan küçəsi döngə 2 ünvanda yaşayan Gülnarə Həsrətova, Qadir Heydərov, Əhliman Hümbətov, Sevda Müseyibova, Qardaşxan Əliyev və ümumilikdə 45 nəfərin imzası ilə redaksiyamıza ünvanlanan şikayət məktubunda qeyd olunur. Şikayətçilər bildirirlər ki, yaşadıqları məhəllənin su-kanalizasiya problemləri mövcuddur. Yolsuzluq səbəbindən uşaqları məktəbə gedib-gəlməkdə ciddi problemlərlə üzləşirlər: "Bələdiyyə sədrinin və icra nümayəndəsinin dağıdıcı hərəkətləri üzündən məhəllədə normal həyat yaşamaq üçün şərait yoxdur. Su verilmir, veriləndə isə gecələr saat 3-4 radələrində verilir. Təzyiq o qədər aşağı olur ki, sakinlərin çoxu su sürprizdən sevinə bilmir".
Şikayətçilərin yazdığına görə, verilən suyun keyfiyyəti ölkədə qəbul edilən standartlara cavab vermir. Həyat üçün təhlükə mənbəyidir: "Elektrik enerjisinin təminatında ciddi problemlər mövcuddur. İşıqlar-tez-tez sönür. Bununla evlərdə olan məişət avadanlıqları sıradan çıxır ki, bu da böyük məbləğdə maddi ziyanın vurulması deməkdir".
Zibilin vaxtlı-vaxtında yığılmadığını qeyd edən şikayətçilər vurğulayırlar ki, zibilin təmizlənməməsi məhəllədə anti-sanitariya vəziyyəti yaradır ki, sonda bu cür vəziyyət xəstəliklərin yaranmasına yol açır: "Dəfələrlə mövcud problemlərin acınacaqlı olması ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinə şikayət etmişik. Bir neçə dəfə Binəqədi qəsəbəsinin bələdiyyə sədri Tamerlan Qurbanovun və qəsəbə icra nümayəndəsi Elxan Əliyevin yanında olmuşuq. Təəssüf ki, onlar bizə quru vədlərdən başqa heç nə verməyiblər".
Məsələyə aidiyyatı yerli qurumların münasibətini öyrənməzdən əvvəl ekspert rəyini bilmək üçün Bələdiyyələrin Fəaliyyətinin Təbliği Təşkilatının sədri Vüqar Tofiqli ilə söhbət etdik. Təşkilat sədri bildirdi ki, həqiqətən də, bələdiyyələrlə bağlı əhali arasında ciddi narazılıq mövcuddur: "Bələdiyyələrin ancaq torpaq satışı ilə məşğul olması qüsurlardandır. Qanunsuzluğun qarşısının alınması üçün dövlət strukturları ciddi tədbirlər görməlidir".
V.Tofiqlinin sözlərinə görə, əhalinin bələdiyyələrə inamının azalmasının başlıca səbəbi kadrların bələdiyyə idarəçiliyi ilə bağlı potensiallarının olmamasıdır.
Binəqədi rayonu ilə bağlı şikayətlərin sayının daha çox olduğunu nəzərə alaraq mövcud problemlərin səbəbləri ilə bağlı araşdırmalar aparmaq məcburiyyətində qaldıq. Məlum oldu ki, yazılanlar və deyilənlərin böyük əksəriyyəti reallığı əks etdirir. Həqiqətən də Binəqədi rayon Binəqədi qəsəbə bələdiyyə sədri Tamerlan Qurbanov "burda mənəm, Bağdadda kor Xəlifə" deyir. İnsanların şikayətləri, haqlı sualları bələdiyyə sədrini əsla maraqlandırmır. İşi və əsas fəaliyyəti əlinə düşən fürsətdən yararlanmaqla daha çox maliyyə vəsaiti əldə etməkdir. Araşdırmalar zamanı üzə çıxan faktlara görə, son 5 il ərzində bələdiyyə sədri T.Qurbanovun yüksək fəallığı və diribaşlığı nəticəsində qəsəbə ərazisinə məxsus 125 hektar torpaq sahəsi fərdi yaşayış evlərinin və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün ayrı-ayrı şəxslərə satılıb. Əldə olunan vəsaitlər isə bələdiyyə sədri ilə Binəqədi rayonuə Binəqədi qəsəbəsi üzrə icra nümayəndəsi Elxan Əliyev arasında bölünüb.
Binəqədi qəsəbəsinə ayrılan 1,2 milyon manat vəsaitin hara xərcləndiyindən məlumatı olan yoxdur
Redaksiyamıza daxil olan şikayət məktublarına və bizim apardığımız araşdırmalara əsasən demək olar ki, torpaq biznesinə girişən İ.Qurbanov və E.Əliyev qəsəbəyə aid olmayan digər kənd və qəsəbələrin torpaq sahələrinə də sərəncam veriblər. Məsələn, 10-a yaxın fakta görə Binəqədi qəsəbə bələdiyyəsi Novxanı və Biləcəri bələdiyyə ərazilərinə sərəncam verilib. Bu da nəticə etibarilə qanunvericiliyin tələblərinin bilərəkdən pozulması deməkdir.
Binəqədi qəsəbəsində bələdiyyə torpaq və əmlak vergisini də mənimsəməkdən çəkinmir. Yalnız 2013-cü ildə bələdiyyə sədri T.Qurbanov torpaq və əmlak vergisindən əldə olunan 11885 manatı həzm-rabedən keçirib. Gözü bununla doymayan T.Qurbanov bir növ şəriki E.Əliyevlə qanunsuz sənədlər tərtib etməklə qəsəbənin sosial-iqtisadi inkişafı ilə bağlı ayrılan 1,2 milyon manatı da özlərinin heç də pis olmayan vəziyyətlərinin daha da yaxşılaşması üçün xərcləyiblər. Fakta görə qəsəbənin 4800 kv.m məhəlləarası yolları təmir olunmalı idi. Yerli sakinlərin qeyd etdiyinə görə, Binəqədi-Novxanı yolu istisna olmaqla məhəlləarası yollara asfalt örtüyü salınmayıb. Onda bu halda sual yaranır: ayrılan vəsaitin aqibəti necə olub və ya Binaqədi rayon icra hakimiyyəti dövlətin büdcəsindən ayrılan vəsaitin taleyi ilə niyə maraqlanmayıb? Öyrənə bildik ki, Binəqədi rayon icra hakimiyyətindən fərqli olaraq Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində məsələdən məlumatlıdırlar. Bu barədə isə növbəti sayımızda.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB