ATB mətbuat konfransı keçirəcək

ATB mətbuat konfransı keçirəcək

Sabah Gənclər və İdman nazirliyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ev sahibliyi edəcəyi Avropa Tələbələr Birliyinin (ATB) idarə heyətinin 67-ci iclası ilə bağlı mətbuat konfransı baş tutacaq. SİA-nın məlumatına görə, Avropa Tələbələr Birliyi (ATB) 1956-cı ildən mövcuddur. Avropada ən böyük tələbə birliyi olan ATB, hal-hazırda 39 ölkədən 47 tələbə təşkilatını özündə birləşdirir. Azərbaycan ATB-də 2009-cu ildən Azərbaycan Tələbələr Birliyi, 2012-ci ildən isə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən təmsil olunur.

2013-cü il aprelində Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş ATB-nin 64-cü idarə heyəti iclasında təsdiqlənmiş qərara əsasən qurumun sayca 67-ci iclası Azərbaycanın paytaxtı Bakı şəhərində, ATGTİ-nin təşkilatçılığı ilə keçiriləcək.

İdarə heyətinin iclaslarının keçirilməsinin əsas məqsədi, ATB-yə tamhüquqlu üzv olan təşkilatların təmsil etdikləri ölkələrdə təhsil sahəsində gedən proseslər haqqında məlumatlandırmaq və təcrübə mübadiləsi aparmaqdır.

Qeyd edək ki, ildə bir dəfə olmaqla ATB-nin icra aparatının seçkiləri keçirilir. 2015-ci ilin aprelində ATGTİ ATB-nin icra aparatına öz namizədliyini verəcək. Bununla ölkəmizin təhsil sahəsində reallaşdırılan uzunmüddətli layihələr ATB tərəfindən də maliyyələşdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə