GAMŞ-nın idarə heyətinin iclasında bir sıra aktual məsələlər müzakirə olunub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası idarə heyətinin növbəti iclası keçirilmişdir. AMEA rəyasət heyəti mərkəzi aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, iclası Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov açaraq idarə heyətinin üzvlərini gündəlikdə duran məsələlərlə tanış etmişdir. O, AMEA-nın 70 illik yubileyi çərçivəsində keçiriləcək "Bakı elm festivalı-2014"ə hazırlıq, eləcə də bu istiqamətdə müxtəlif tədbirlərin təşkilindən bəhs etmişdir.
Tədbirdə "Gənc tədqiqatçı və elm" jurnalının birinci nömrəsinin nəşrə hazırlanması müzakirə olunmuşdur.
Şuranın "Elmi nəşrlər" bölməsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Aytən Qarayusifova bildirmişdir ki, məqalələrin toplanması üçün elan verilmiş, ötən bir ay müddətində ayrı-ayrı bölmələr üzrə gənc alim və tədqiqatçılar tərəfindən 30-a yaxın elmi əsər redaksiyaya göndərilmişdir. Hazırda məqalələrin ekspertizası aparılır.
Müzakirəyə çıxarılmış növbəti məsələ şuranın idarə heyəti və strukturunda müəyyən dəyişikliklərin aparılması ilə bağlı olmuşdur.
Geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev və idarə heyətinin digər üzvləri yeni elmi-ictimai layihələr haqqında iştirakçılara ətraflı məlumat vermiş, şuranın gələcək fəaliyyətinin daha səmərəli təşkili məqsədilə idarə heyətinin tərkibində bəzi dəyişikliklərin aparılmasını təklif etmişlər.
Sonra şuranın müvafiq struktur bölmələrində dəyişikliklər edilmiş, yeni namizədlər təsdiqlənmişdir.
İclasda AMEA-nın gənc alim və mütəxəssisləri üçün futbol yarışlarının keçirilməsi və digər məsələlər də müzakirə olunmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB