Roberto Arbitrio: "Azərbaycan BMT-nin proqramlarına donorluq edəcək səviyyəyə çatıb"
Dövlət Gömrük Komitəsində (DGK) BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Ofisinin (UNODC) nümayəndələri ilə görüş keçirilmişdir.
Komitənin mətbuat xidmətindən bildirmişlər ki, nümayəndə heyətinin missiyası qurumlar arasında əməkdaşlığın hazırkı mərhələsinin qiymətləndirilməsindən ibarətdir.
Qonaqları salamlayan DGK sədrinin müavini Əsgər Abdullayev Azərbaycan gömrük orqanları əməkdaşlarının iştirak etdiyi layihə və proqramlardan, əldə olunan nailiyyətlərdən, qurulacaq əməkdaşlıq imkanlarından bəhs etmişdir. Ə.Abdullayev narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının, silah və sursatın, digər qadağan olunmuş əşyaların qanunsuz dövriyyəsinə, habelə qaçaqmalçılığa, terrorçuluğa, insan alverinə və çirkli pulların yuyulmasına qarşı birgə mübarizənin əhəmiyyətindən danışmışdır. Komitə sədrinin müavini, həmçinin əməkdaşların peşəkar hazırlığının artırılması məqsədilə beynəlxalq və milli səviyyədə təlimlərin, təcrübə mübadiləsinin və qarşılıqlı səfərlərin, müasir müşahidə, nəzarət, axtarış, müayinə, proqram və rabitə vasitələri sahəsində texniki yardımların vacib olduğunu vurğulamışdır.
Görüşdə bildirilmişdir ki, təlimlərin keçirilməsi prosesində Azərbaycan Dövlət Gömrük Komitəsi həm məkan, həm də bəzi sahələr üzrə mütəxəssis baxımından ümumi işə öz töhfəsini verə bilər.
Səmimi qəbula görə təşəkkür edən nümayəndə heyətinin rəhbəri Roberto Arbitrio qarşılıqlı əlaqələrin inkişafının hər iki tərəf üçün faydalı olacağını bildirmiş, Azərbaycanın iqtisadi baxımdan sürətlə inkişaf etdiyini və artıq BMT-nin proqramlarına donorluq edəcək səviyyəyə çatdığını demişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB