ƏƏSMN-də “Məlumat mübadiləsi saatı” keçirilib

ƏƏSMN-də “Məlumat mübadiləsi saatı” keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) müvafiq əmrinə əsasən, nazirlikdə ayda bir dəfədən az olmayaraq "Məlumat mübadiləsi saatı"nın keçirilməsinə başlanılmışdır. Nazirlikdən bildirmişlər ki, iyulun 9-da "Məlumat mübadiləsi saatı"nın ilk iclası keçirilmişdir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası giriş sözü ilə açaraq, belə tədbirlərin nazirliyin struktur bölmələri arasında yeni layihə və texnologiyaların tətbiqi, qazanılmış beynəlxalq təcrübələr barədə qeyri-formal bilik və məlumatların mübadiləsinə xidmət etdiyini vurğulamışdır.

Bildirilmişdir ki, Prezident İlham Əliyev tərəfindən nazirlik qarşısında müəyyən edilən vəzifəyə uyğun olaraq, ölkədə əmək və sosial müdafiə sisteminin müasir, səmərəli və şəffaf iş üsulları üzərində qurulması istiqamətində məqsədyönlü islahatlar aparılır. Bu islahatlar prosesi aidiyyəti strukturlar tərəfindən mütərəqqi beynəlxalq praktikaların öyrənilməsi və qabaqcıl dünya təcrübəsindən irəli gələn yeni innovativ yanaşmaların, müasir metodların, İKT-nın tətbiqi, yeni layihə və təşəbbüslərin reallaşdırılması ilə müşayiət olunur. Ona görə də qazanılmış yeni bilik və təcrübələr, həyata keçirilən tədbirlər, fəaliyyət sahəsində yeniliklər barədə struktur bölmələrinin rəhbər vəzifəli şəxsləri və əməkdaşları arasında mütəmadi olaraq qarşılıqlı və operativ məlumat mübadilələrinin aparılmasına ehtiyac vardır. Bu, nəticə etibarilə nazirlik sistemində ümumi məlumatlılıq səviyyəsinin yüksəlməsinə, görülən işlərdə vahid və əlaqəli yanaşma prinsipinin güclənməsinə yönəlmişdir.

S.Müslümov bu məqsədlə ƏƏSMN-in aparatının bölmələrinin, strukturuna daxil olan qurumların, zəruri hallarda nazirliyin strukturuna daxil olmayan, tabeliyindəki qurumların rəhbər vəzifəli şəxsləri və işçiləri üçün ayda bir dəfədən az olmayaraq "Məlumat mübadiləsi saatı"nın keçiriləcəyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, bu iclaslarda nazirliyin bu və ya digər fəaliyyət sahəsi üzrə yeni bilik və informasiyaların mübadiləsi aparılacaq, həmçinin yeni işlərə dair təqdimatlar olacaqdır. Keçirilən iclaslar protokollaşdırılacaq və hər iclasın yekun materialları nazirliyin rəsmi internet səhifəsində (www.eesmn.gov.az, www.mlspp.gov.az) də yerləşdiriləcəkdir.

"Məlumat mübadiləsi saatı"nın ilk iclasında ƏƏSMN-in beynəlxalq əməkdaşlığına dair təqdimat olmuşdur. İclas zamanı cari ilin may-iyun aylarında beynəlxalq tədbirlərdə iştirak məqsədilə ayrı-ayrı ölkələrə edilmiş səfərlərin, habelə xaricə təcrübə və təlim səfərlərinin nəticələri barədə məlumat verilmişdir. İclas nazirliyin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti, bu sahədə qarşıda duran vəzifələrlə bağlı fikir mübadilələri şəraitində davam etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə