Azərbaycan Prezidenti İlham Əliyev bu haqda sərəncam imzalayıb
Zahid Qaralov orden aldı

Zahid Qaralovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda pedaqogika elminin inkişafında xidmətlərinə və respublikanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Zahid İbrahim oğlu Qaralov "Şərəf" ordeni ilə təltif edilsin".

Qeyd edək ki, Qaralov Zahid İbrahim oğlu 10 iyul 1934-cü ildə Gürcüstanın Başkeçid rayonunun Ormeşən kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Fizika-riyaziyyat fakültəsini bitirib. Pedaqoji elmlər doktoru, professordur. Respublikanın əməkdar müəllimidir.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər institutunun direktoru təyin olunub. Bir neçə dərslik və dərs vəsaitinin müəllifidir.

Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədridir.

Bütün xəbərlər Facebook səhifəmizdə