Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) müvafiq Əmrinə əsasən, nazirlikdə ayda bir dəfədən az olmayaraq "Məlumat mübadiləsi saatı"nın keçirilməsinə başlanılıb. SİA-nın xəbərinə görə, bu gün "Məlumat mübadiləsi saatı"nın ilk iclası keçirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası giriş sözü ilə açaraq, belə tədbirlərin nazirliyin struktur bölmələri arasında yeni layihə və texnologiyaların tətbiqi, qazanılmış beynəlxalq təcrübələr barədə qeyri-formal bilik və məlumatların mübadiləsinə xidmət etdiyini vurğulayıb: "Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən nazirlik qarşısında müəyyən edilən vəzifəyə uyğun olaraq, ölkədə əmək və sosial müdafiə sisteminin müasir, səmərəli və şəffaf iş üsulları üzərində qurulması istiqamətində məqsədyönlü islahatlar aparılır. Bu islahatlar prosesi aidiyyatı strukturlar tərəfindən mütərəqqi beynəlxalq praktikaların öyrənilməsi və qabaqcıl dünya təcrübəsindən irəli gələn yeni innovativ yanaşmaların, müasir metodların, İKT-nın tətbiqi, yeni layihə və təşəbbüslərin reallaşdırılması ilə müşaiyət olunur. Ona görə də qazanılmış yeni bilik və təcrübələr, həyata keçirilən tədbirlər, fəaliyyət sahəsində yeniliklər barədə struktur bölmələrinin rəhbər vəzifəli şəxsləri və əməkdaşları arasında mütəmadi olaraq qarşılıqlı və operativ məlumat mübadilələrinin aparılmasına ehtiyac var. Bu, nəticə etibarilə nazirlik sistemində ümumi məlumatlılıq səviyyəsinin yüksəlməsinə, görülən işlərdə vahid və əlaqəli yanaşma prinsipinin güclənməsinə yönəlib".
S. Müslümov bu məqsədlə ƏƏSMN-nin Aparatının bölmələrinin, strukturuna daxil olan qurumların, zəruri hallarda nazirliyin strukturuna daxil olmayan, tabeliyindəki qurumların rəhbər vəzifəli şəxsləri və işçiləri üçün ayda bir dəfədən az olmayaraq "Məlumat mübadiləsi saatı"nın keçiriləcəyini diqqətə çatdırıb: "Hər bir belə iclasda nazirliyin bu və ya digər fəaliyyət sahəsi üzrə yeni bilik və informasiyaların mübadiləsi aparılacaq, həmçinin yeni işlərə dair təqdimatlar olacaq. Keçirilən iclaslar protokollaşdırılacaq və hər iclasın yekun materialları nazirliyin rəsmi internet səhifəsində (www.eesmn.gov.az, www.mlspp.gov.az) də yerləşdiriləcək".
Daha sonra "Məlumat mübadiləsi saatı"nın ilk iclasında ƏƏSMN-nin beynəlxalq əməkdaşlığına dair təqdimat olub. İclas zamanı cari ilin may-iyun aylarında beynəlxalq tədbirlərdə iştirak məqsədilə ayrı-ayrı ölkələrə edilmiş səfərlərin, habelə xaricə təcrübə və təlim səfərlərinin nəticələri barədə məlumatlar verilib. İclas nazirliyin beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti, bu sahədə qarşıda duran vəzifələrlə bağlı fikir mübadilələri şəraitində davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB