Britaniya parlamentinin üzvündən “Many Happy Returns” kampaniyasına dəstək
Böyük Britaniya parlamentinin üzvü, sabiq nazir Jerri Satklif www.manyhappyreturnsidp.com saytında "Many Happy Returns" kampaniyasına dəstəyini ifadə etmişdir. Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) verilən məlumata görə, J.Satklif sonuncu Leyborist hökumətində ədliyyə və idman naziri olmuş, Ticarət və Sənaye Departamentində yüksək vəzifələrdə çalışmışdır.
J.Satklif öz mövqeyini belə şərh etmişdir: "Mən azərbaycanlı qaçqın və məcburi köçkünlərin dərdinə şərikəm. Ümid edirəm ki, "Many Happy Returns" kampaniyası onlara dəstək olacaqdır".
Xatırladaq ki, "Many Happy Returns" kampaniyası TEAS-ın dəstəyi ilə britaniyalıların təşəbbüsü kimi ortaya çıxmışdır. Bu kampaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qurbanı olan bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün vəziyyətinə biganə qalmamağa yönəlmişdir.
Kampaniyanın adı ingilis təbrikindən götürülmüş və doğma yurdlarından didərgin düşmüş insanların öz evlərinə qayıtmaq istəyini xatırladır.
Saytda Azərbaycanın bölgələrində yerləşən qaçqın və məcburi köçkün düşərgələrinin üçündə tanınmış alman fotoqrafı Filip Ratmer tərəfindən çəkilmiş fotoşəkillər yerləşdirilmişdir.
www.manyhappyreturnsidp.com veb-səhifəsi Cəmiyyətə "Dünya qaçqınlar günü"nün "Dünya qaçqın və məcburi köçkünlər günü" kimi tanınmasını dəstəkləməyə imkan yaradır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB