Ziya Bünyadov prospekti oktyabrda açılacaq

Ziya Bünyadov prospekti oktyabrda açılacaq

Bakı şəhərinin şimal istiqamətində əsas çıxışını təmin edən magistrallardan biri olan Ziya Bünyadov prospektinin yenidən qurulmasında məqsəd 20 Yanvar dairəsi, eyni zamanda "Qələbə" kinoteatrının qarşısında yerləşən dairə ilə Böyükşor qovşağı arasında nəqliyyat vasitələrinin sürətli, fasiləsiz və təhlükəsiz hərəkətini təmin etməkdir. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin məlumat verib.

O bildirib ki, layihənin başlanğıcı Alı Mustafayev, Hüseynbala Əliyev, Əbdülvahab Salamzadə küçələrinin Ziya Bünyadov prospekti ilə kəsişdiyi dairə, sonu isə Böyükşor yol qovşağıdır.

Onun sözlərinə görə, ümumi uzunluğu 9,2 km, eni isə 50-60 m nəzərdə tutulan prospekt keçdiyi ərazilərdən asılı olaraq 10-12 zolaqdan ibarət olacaq. Prospektin 4 mərkəzi zolağı isə sürətli hərəkəti təmin edəcək: "Yol boyu hərəkətin tənzimlənməsi üçün 4 yerdə yolötürücülərin - qovşaqların və piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün piyada keçidlərinin tikintisi nəzərdə tutulub. Artıq keçidlərdən biri hazırdır, digərində işlər başa çatmaq üzrədir, qalan iki keçiddə isə tikinti-quraşdırma işləri davam etdirilir. Bütün prospekt boyu kommunikasiya xətlərinin köçürülməsi, yeni yağış kanalizasiya xəttinin çəkilməsi və torpaq işləri başa çatıb, yol qovşaqlarında isə son tamamlanma işləri yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda aşınma qatı istisna olmaqla asfalt-beton örtüyünün döşənməsi işləri də başa çatdırılacaq. Ümumilikdə prospektin oktyabr ayında istismara verilməsi planlaşdırılır".

Bütün xəbərlər Facebook səhifəmizdə