“Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək”

“Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək”

"ELS" Müstəqil Araşdırmalar Mərkəzi Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı "Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək" layihəsinin təqdimat mərasimini keçirib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən mərkəzin rəhbəri İradə Yaqubova layihə barədə iştirakçılara məlumat verib. Bildirib ki, nəzərdə tutulmuş müddət ərzində uşaq mahnılarının milli bazasının zənginləşdirilməsi məqsədilə "Yeni uşaq mahnıları - 2013" Ümumrespublika Müsabiqəsinin qalib mahnılarının not albomu, audio diskdən ibarət toplumun tərtibi və buraxılması nəzərdə tutulub: "Hazırlanacaq toplum Bakı və Sumqayıt şəhərlərinin uşaq bağçalarına çatdırılacaq. Bu məqsədlə Bakı və Sumqayıt Şəhər İcra Hakimiyyətləri ilə payızda birgə tədbirlərin keçirilməsi barədə razılıq əldə olunub".

Ümumtəhsil məktəblərinin ibtidai siniflərində musiqi fənninin tədrisinə dair mərkəzin keçirdiyi monitorinqin nəticələrini açıqlayan İ.Yaqubova bildirib ki, ibtidai sinif müəllimlərinin musiqi fənninin tədrisində peşəkarlığı ilk növbədə təhsil müəssisələrində aldıqları biliklər və bacarıqlardan asılıdır: "Mərkəzin araşdırmaları nəticəsində aydın olub ki, bu məsələdə problemlər var və bu problem də ilk növbədə tədris planlarında saat yüklərinin azaldılması ilə bağlıdır.

İ.Yaqubova musiqi dərslərinin tədrisində müşahidə olunan uyğunsuzluqlar, o cümlədən sinif otaqlarının musiqi alətlərinin təmin edilməməsi və araşdırma nəticəsində aşkar edilmiş digər problemlərdən də söhbət açıb.

Tədbir müzakirələrlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə