İyulun 7-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Gürcüstan Demokratik Təşəbbüslər və Əhali və İnkişaf Birliyinin nümayəndələri Nodar Xerxulidze və Arçil Maçavariani ilə görüş keçirilmişdir. Bu barədə Şura Katibliyindən məlumat verilmişdir.
Şuranın sədri, Milli Məclisin deputatı Azay Quliyev rəhbərlik etdiyi qurum haqqında qonaqlara məlumat vermiş, ölkəmizdə QHT sektorunun inkişafından danışmışdır. O, dünya ictimaiyyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ədalətli, obyektiv məlumatların çatdırılmasının Şuranın əsas fəaliyyət istiqamətlərindən biri olduğunu vurğulamışdır.
Şuranın dəstəyi ilə həyata keçirdikləri layihə haqqında məlumat verən QHT nümayəndələri bildirmişlər ki, səfərdə məqsəd Azərbaycanın işğal altındakı ərazilərinə edilmiş qanunsuz səfərlər haqqında statistik məlumatlar toplamaq və Azərbaycan hökumətinin bu istiqamətdə fəaliyyəti ilə tanış olmaqdır. Diqqətə çatdırmışlar ki, hazırlanacaq tədqiqat işi dünya ictimaiyyətinin diqqətini işğal altında olan torpaqlara edilən qanunsuz səfərlərin beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması halı olmasına yönəldəcəkdir. Qonaqlar bildirmişlər ki, layihə çərçivəsində sentyabrın 25-də Tbilisidə Dağlıq Qarabağa, Dnestryanı bölgəyə, Cənubi Osetiya və Abxaziyaya qanunsuz səfərlərin edilməsi ilə bağlı ikigünlük konfrans keçiriləcəkdir. Toplantıda diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələrinin, ekspertlərin, Azərbaycan, Gürcüstan, Moldovanın dövlət qurumlarının təmsilçilərinin, eləcə də jurnalistlərin iştirakı nəzərdə tutulur. Konfransın sonunda işğal altındakı torpaqlara edilən qanunsuz səfərlərin pislənməsi ilə bağlı bəyanat və yekun hesabat qəbul olunacaqdır. Hesabatda dünya ictimaiyyəti işğal altındakı ərazilərə edilən qanunsuz səfərləri qınamağa dəvət olunacaqdır.
Azay Quliyev təşkilatın hazırlayacağı hesabatda Dağlıq Qarabağ münaqişəsinə dair obyektiv və dolğun məlumatların əksini tapmasının vacibliyini qeyd etmişdir. Şura sədri hesabatın dünya ictimaiyyətinin Azərbaycanın haqlı mövqeyinin aydın başa düşülməsinə yardımçı olacağını, Dağlıq Qarabağ və işğal altında olan digər torpaqlara qanunsuz səfər etmək niyyətində olanları fikirlərindən daşındıracağını gözlədiklərini bildirmişdir.
Qeyd edək ki, QHT nümayəndələrinin müxtəlif nazirlik və komitələrdə görüşlərini davam etdirməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB