Nail Tan: "Naxçıvan öz gözəlliyi və intellektual potensialı ilə bu gün regionun cazibə mərkəzinə çevrili"

Nail Tan: "Naxçıvan öz gözəlliyi və intellektual potensialı ilə bu gün regionun cazibə mərkəzinə çevrili"

Naxçıvana ilk dəfə 2002-ci ildə gəlmişdim. Budəfəki gəlişimdə ötən 12 ildə bu diyarda müsbət mənada çox böyük dəyişikliklərin baş verdiyinin şahidi oldum. İnfrastruktur tamamilə yenidən qurulmuş, binalar inanılmaz dərəcədə təmir edilərək gözəlləşdirilmiş, yeni və müasir tipli yollar salınmış, hər tərəf abadlaşdırılmış, yaşıllaşdırma işləri yüksək səviyyədə aparılmışdır. Biz sözlə, Naxçıvan başdan-başa gülüstana çevrilmişdir.

Bu fikirləri "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir" mövzusunda beynəlxalq elmi konfransının iştirakçısı olan, Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sabiq şöbə müdiri Nail Tan AzərTAc-a müsahibəsində demişdir. O bildirmişdir ki, Naxçıvan bu gün Avropanın gözəl şəhərlərindən daha cazibədardır. Səhər planlı şəkildə yenidən qurulmuş, geniş yollar, möhtəşəm parklar salınmış, idman kompleksləri, yeni-yeni məktəb binaları inşa olunmuş və ya yüksək səviyyədə təmir edilmişdir. Türkiyəli qonaq sözünə davam edərək demişdir: "Naxçıvanın təmiz havası, suyu, gözəl təbiəti vardır. İnsan Naxçıvanda yorulmaq bilmir. Bəlkə də bunun əsas səbəbi Naxçıvanın həm də ekoloji baxımdan çox təmiz olmasıdır".

Naxçıvan Muxtar Respublikasında tarixi-mədəni abidələrin bərpasına, milli mənəvi dəyərlərin qorunmasına göstərilən diqqət, verilən əhəmiyyətə heyran qaldığını bildirən Nail Tan qeyd etmişdir ki, muxtar respublikada, demək olar ki, bütün tarixi abidələr müasir texnologiyanın son nailiyyətlərindən istifadə olunmaqla bərpa edilmiş, əvvəlki görkəminə qaytarılmışdır.

Türkiyəli qonaq vurğulamışdır ki, Naxçıvanda tarixi keçmişə olan dərin hörmət, ehtiram, milli mentalitetin qorunub saxlanılması və keçmişə dair bütün müsbət keyfiyyətlərin, maddi-mədəni abidələrin qorunaraq gələcək nəsillərə çatdırılması məsələsinə verilən əhəmiyyət bütün ölkələr üçün nümunəvidir.

Bütün xəbərlər Facebook səhifəmizdə