Hacı Seyid: "Qardaşlarımızı həmrəyliyə dəvət etmək istərdim” AÇIQLAMA

Hacı Seyid: "Qardaşlarımızı həmrəyliyə dəvət etmək istərdim” AÇIQLAMA

"Təbii ki, Sabirabadda baş verən hadisələrdən biz də narahatıq". Bu fikirləri SİA-ya açıqlamasında ilahiyyatçı, Güzdək məscidinin axundu Hacı Seyid bir neçə gündür ki, Sabirabadda məzhəblərarası zəmində baş verən hadisəyə münasibətini bildirərkən deyib. Hacı Seyid bildirib ki, ictimaiyyətin də bəzən bəzi məsələlərdən xəbəri olmur: "Məsələn, bir neçə gün öncə də eyni hadisə Bakı ətrafında yaşanmışdı. Bu, heç də yaxşı bir şeydən xəbər vermir. Ona görə də bu hadisənin də qarşısını hər zaman olduğu kimi yenə təmkinlə, səbrlə almaq lazımdır. Bu gün bizlər Ramazan ayını yaşayırıq və İnşaallah münasibətləri bu mübarək ayda tənzimləmək də mümkündür. Bir ilahiyyatçı, din adamı kimi müsəlman bacı və qardaşlarımızı həmrəyliyə dəvət etmək istərdim. Çünki müsəlman qardaşlara arasında bu dərəcədə nifaq olmamalıdır. Bu baxımdan, hesab edirəm ki, sözügedən məsələ də tez bir zamanda öz həllini tapacaqdır. Mən buna çox ümidiliyəm".

Hacı Seyid Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin bəyanatına da münasibətini bildirərək onu dəstəklədiyini deyib: "Mən də hörmətli Şeyximizin bəyanatını dəstəkləyir və günahkarın cəzalandırılacağını istisna etmirəm. Cinayət varsa, hüquqi cəhətdən cəza da olmalıdır. Çünki bu bir özbaşınalıqdır. Yəni millətçilikdən kənara çıxan bir hadisədir. Digər tərəfdən, xüsusilə, Ramazan ayında belə hallara yol vermək olmaz".

İlahiyyatçı burada bəzi qüvvələrin maraqlarının da olduğunu deyib: "Burada bəzi qüvvələrin də planlı məqsədləri ola bilər. Onlar bu yolla ölkədə qarışıqlıq yaratmağa cəhdlər göstərirlər. Ancaq söz yox ki, həmin planlara qarşı bizim dövlətimizin də öz gücü, qüdrəti var və belə planların ölkəmizdə gerçəkləşməsi mümkünsüzdür. Yəni ictimaiyyət də burada diqqətli olmalıdır. Qarşıdurmalara getməməlidir. Biz də öz növbəmizdə oxuduğumuz xütbələrimizdə yalnız bu yöndə söhbət aparırıq ki, hər kəs təmkinli olsun. Belə ki, bu cür hadisələri yoluna qoyan dövlət qurumları var. Ona görə də hər hansı tərəflərin planlarına uymaq lazım deyil".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə