Qubada Milli Məsləhətləşmələr aparılıb

Qubada Milli Məsləhətləşmələr aparılıb

BMT-nin İnkişaf Proqramı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə Azərbaycanda keçirilən 2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin Milli Məsləhətləşmələrinin ikinci mərhələsinin növbəti müzakirələri Quba şəhərində baş tutub. ARGTMŞ-in mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, "2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin milli müzakirəsi: Vətəndaş Cəmiyyəti ilə dialoq: Gənclər" adı altında keçiriləcək məsləhətləşmələrdə əsas məqsəd qazanılmış təcrübəni və ölkəmizin qarşısında duran məqsədləri nəzərə alaraq, keçirilmiş məsləhətləşmələrdə müəyyən olunmuş prioritetlər üzrə Azərbaycan vətəndaşlarının fikrini öyrənmək və təkliflər almaqdır. Tədbir çərçivəsində gənclər və müxtəlif qurumların nümayəndələri öz fikirlərini bölüşüb və təkliflərlə çıxış edib. Bütün təkliflər dinlənilib və qeydə alınıb.

Xatırladaq ki, Milli Məsləhətləşmələrin ikinci mərhələsinin ilk müzakirələri Gəncə şəhərində keçirilib. Gəncədə keçirilən müzakirələrdə fəal iştirak edən gənclər tərəfindən səhiyyə, təhsil, gender bərabərliyi, sahibkarlığa dəstək, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası, vətəndaş cəmiyyətinə və gənclərə dəstək olan şirkətlərə dövlət tərəfindən imtiyazların ayrılması və başqa bu kimi məsələlərə toxunulub.

Qeyd edək ki, müzakirələr zamanı toplanmış təkliflər milli məsləhətləşmələr üzrə yekun hesabata daxil olunacaq və müvafiq qurumlar arasında yayılacaq. Bundan əlavə, məsləhətləşmələrin nəticələri BMT-nin Baş Katibinin Hesabatına salınaraq 2015-ci ildən sonrakı BMT İnkişaf Gündəliyini formalaşdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə