Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi (YAP GB) sabah cari mövsümün "Yay məktəbi" layihəsinə start verəcək. SİA-nın məlumatına görə, bununla bağlı bu gün partiyanın mərkəzi aparatında iclas keçirilib. İclasda YAP-ın icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP-ın Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, Gənclər Birliyi ofisinin əməkdaşları və layihənin ilk mərhələsinə qatılacaq gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən millət vəkili Siyavuş Novruzov hər il həyata keçirilən "Yay məktəbi" layihəsinin məqsədinin gənclərin biliklərinin möhkəmləndirilməsi, istirahətinin səmərəli təşkili olduğunu qeyd edib: "Bu il "Yay məktəbi" layihəsi daha da geniş şəkildə təşkil olunacaq. Belə ki, sabahdan başlayaraq 800 gənc 6 mərhələdə Lerik və Oğuzda "Yay məktəbi"ndə iştirak edəcək. Burada Bakı şəhəri ilə yanaşı, regionlardan olan gənclər də iştirak edəcək.
Layihə çərçivəsində nəzərdə tutulmuş proqrama görə, gənclərin ictimai-siyasi şəxslər və region gəncləri ilə görüşləri, müxtəlif idman yarışları, intellektual oyunlar, musiqili şənliklər və s. təşkil olunacaq. Layihənin icrası partiyanın rəhbər şəxslərinin nəzarətində olacaq. Ancaq "Yay məktəbi"ndə əsas iş gənclərə həvalə olunub".
S. Novruzov gənclərə layihə çərçivəsində nəzərdə tutulan proqramdan kənara çıxmamağı və intizam qaydalarına ciddi əməl etmələrini tövsiyə edib.
O, gənclərin və xanımların ölkənin ictimai-siyasi həyatında rolunun daha da artırılması istiqamətində YAP-ın daima işlər apardığını, qarşıdan gələn bələdiyyə seçkiləri zamanı daha çox gənclər və xanımların namizədliyinin irəli sürüləcəyini vurğulayıb.
Daha sonra iclas iştirakçılarına sabahdan başlayacaq layihənin proqramı haqqında məlumatlar verilib.
Qeyd edək ki, tədbir çərçivəsində YAP GB-nin ofisinin yeni rəhbəri Əli Pənahov gənclərə təqdim olunub. Ona yeni vəzifəsində uğurlar arzulanıb.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB