“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” adlı beynəlxalq konfrans keçirilib FOTO

“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” adlı beynəlxalq konfrans keçirilib FOTO

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naхçıvan Bölməsində muxtar respublikanın 90 illik yubileyinə həsr olunan "Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir" adlı beynəlxalq konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransın plenar iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirakçıları salamlayıb və giriş sözü ilə çıxış edib.

O bildirib ki, muxtar respublikanın yubileyi ilə əlaqədar tədbirlərin davamı kimi keçirilən beynəlxalq konfrans mühüm əhəmiyyət daşıyır: "Əlverişli təbii-coğrafi şəraitə malik Naxçıvanda ən qədim zamanlardan məskunlaşan əcdadlarımız tükənməz mədəniyyət nümunələri yaradıblar. Naxçıvanın muxtariyyətini möhkəmləndirən mühüm faktorlardan biri sosial-iqtisadi inkişafdır. Qarşıda duran əsas vəzifə blokada ilə bağlı yaranan çətinliyi aradan qaldırmaq, əhali məşğulluğunu təmin etmək, yeni infrastruktur, emal və sənaye sahələri yaratmaq, təhsili, mədəniyyəti, səhiyyəni və elmi daha da inkişaf etdirməkdir".

Sonra çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib ki, Prezident İlham Əliyevin sərəncamı ilə qeyd olunan yubiley tədbirləri milli dövlətçilik təfəkkürünün, ərazi bütövlüyü düşüncəsinin daha da möhkəmləndirilməsinə xidmət edən dövlət siyasətinin göstəricisidir.

Akademik Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin, ictimai-siyasi fikrin inkişafında bu diyarın mühüm xidmətlərindən bəhs etmişdir. AMEA-nın prezidenti türkdilli ölkələrin 2003-cü ildə Naxçıvanda keçirilən Zirvə toplantısında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradıldığını xatırlatmış, bunu tarixi hadisə kimi qiymətləndirib: " AMEA-nın Naxçıvan Bölməsi ölkəmizdə nümunəvi elmi qurumlardan biridir. Bunun əsas göstəricisi kimi, muxtar respublikada elmi məktəblərin yaranmaqda olduğunu və Naxçıvan Bölməsində akademiklər korpusunun formalaşdığını qeyd etmək olar".

Konfransda Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, akademik Arif Mehdiyev, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və digər tanınmış elm adamları, həmçinin Türkiyə, Rusiya və Amerika Birləşmiş Ştatlarından qonaqlar da çıxış ediblər.

İ.Hacıyev bildirib ki, bu gün muxtar respublikanın bütün dövlət proqramları və infrastruktur layihələrini uğurla həyata keçirməsi ölkədə dinamik inkişafa, irimiqyaslı quruculuq, abadlıq işlərinə şərait yaradır.

Daha sonra A.Əlizadə Naxçıvan Bölməsinin həqiqi və müxbir üzvlərinə AMEA-nın döş nişanlarını təqdim edib.

Plenar iclasın sonunda AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov arasında ölkədə elmin inkişafına dair əməkdaşlıq sazişi imzalanıb.

Tədbir 5 bölmə iclasları ilə davam edib. Bölmələrə Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvləri, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini Qadir Qədirzadə və Qədim dövr arxeologiyası şöbəsinin müdiri Vəli Baxşəliyev, həmçinin Naxçıvan Dövlət Universitetinin dekanı Asif Şirəliyev sədrlik edirlər.

Konfrans iyulun 5-də başa çatacaq. Tədbirdən sonra Naxçıvan Muxtar Respublikasının tarixi məkanlarına ekskursiyalar nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə