Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov Astara şəhərində vətəndaşların qəbulunu keçirib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, qəbulda Astara, Lənkəran və Lerik rayonlarından olan vətəndaşlar iştirak edib.
Qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan 50 - yə yaxın vətəndaş iştirak edib. Komitə sədri onların müraciətlərinə baxıb, təklif və xahişlərini diqqətlə dinləyib. Qəbula gələn vətəndaşların əksəriyyətinin müraciəti xüsusi mülkiyyətdə olan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına aid olub. Belə ki, onlardan bir qismi onlara ayrılan və ya alqı - satqı ilə əldə etdikləri torpaq sahələrinin, bir qismi yaşadıqları fərdi həyət evləri və mənzillərinin, digər qismi isə kommersiya məqsədilə istifadə etdikləri qeyri - yaşayış sahələrinin özəlləşdirilməsi ilə əlaqədar müraciət ediblər. Qəbulda iştirak edən vətəndaşlardan bəzisi işə qəbul və digər sosial məsələlərlə bağlı da xahiş və müraciətlərini komitə sədrinə bildiriblər.
Sədr komitənin səlahiyyətlərinə aid olan bir sıra vətəndaş müraciətlərinin dərhal həlli üçün müvafiq tapşırıq və göstərişlərini verib. Eyni zamanda, vətəndaşlara komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı hüquqi tələblər izah edilib və məsləhətlər verilib. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və həmin qurumlara yönəldiləcəyi bildirilib.
Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri bu ilin əvvəlindən etibarən Lənkəran, Ucar, Mingəçevir, Tovuz, Quba və Qəbələdə vətəndaş qəbulları keçirib. 2014-cü ilin 6 ayı ərzində keçirilən qəbullarda 200 - ə yaxın vətəndaşın müraciətinə baxılıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB