Kərəm Həsənov Astarada qəbul keçirdi FOTO

Kərəm Həsənov Astarada qəbul keçirdi FOTO

Azərbaycan Respublikasının Prezidentinin tapşırığına uyğun olaraq, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov 4 iyul 2014-cü il tarixində Astara şəhərində vətəndaş qəbulu keçirib. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda Astara, Lənkəran və Lerik rayonlarından olan vətəndaşlar iştirak edib. Vətəndaşların qəbulu Astara şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilib.

Qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan 50-yə yaxın vətəndaş iştirak edib. Komitə sədri onların müraciətlərinə baxıb, təklif və xahişlərini diqqətlə dinləyib.

Qəbula gələn vətəndaşların əksəriyyətinin müraciəti xüsusi mülkiyyətdə olan daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına aid olub. Belə ki, onlardan bir qismi onlara ayrılmış və ya alqı-satqı ilə əldə etdikləri torpaq sahələrinin, bir qismi yaşadıqları fərdi həyət evləri və mənzillərinin, digər qismi isə kommersiya məqsədilə istifadə etdikləri qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi ilə əlaqədar müraciət ediblər. Vətəndaşlar bu istiqamətdə zəruri hüquqi yardımın göstərilməsi, müraciətlərindəki məsələlərin həllində qarşılaşdıqları çətinliklərin aradan qaldırılması ilə bağlı komitə sədrinə xahişlərini bildiriblər. Bir neçə vətəndaş müraciəti dövlət əmlakının özəlləşdirilməsi və icarəsi ilə bağlı olub. Onlar icarə müqaviləsi əsasında istifadə etdikləri və ya icarədə və istifadədə olmayan dövlət əmlakının özəlləşdirilməsi barədə müraciət ediblər. Qəbulda iştirak edən vətəndaşlardan bəzisi işə qəbul və digər sosial məsələlərlə bağlı da xahiş və müraciətlərini komitə sədrinə bildiriblər.

Sədr komitənin səlahiyyətlərinə aid olan bir sıra vətəndaş müraciətlərinin dərhal həlli üçün müvafiq tapşırıq və göstərişlərini verib. Eyni zamanda, vətəndaşlara komitənin fəaliyyətinə aid olan məsələlərlə bağlı hüquqi tələblər izah edilib və məsləhətlər verilib. Qəbulda araşdırılması tələb olunan müraciətlər qeydiyyata alınıb. Vətəndaşlara müraciətlərin nəticələri barədə məlumatın veriləcəyi bildirilib. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və həmin qurumlara yönəldiləcəyi bildirilib.

Komitə sədri əvvəlcədən qəbula yazılmayan və qəbul günü birbaşa müraciət edən bir sıra vətəndaşın müraciətinə baxıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.

Vətəndaşların rahatlığının təmin edilməsi üçün Astarada keçirilən qəbulla bağlı kütləvi informasiya vasitələrində əvvəlcədən müvafiq elanlar və zəruri məlumatlar verilib.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri bu ilin əvvəlindən etibarən Lənkəran, Ucar, Mingəçevir, Tovuz, Quba və Qəbələdə vətəndaş qəbulları keçirib. 2014-cü ilin 6 ayı ərzində keçirilmiş 6 vətəndaş qəbulunda 200-ə yaxın vətəndaşın müraciətinə baxılıb.

Komitə sədri tərəfindən respublikanın şəhər və rayonlarında belə vətəndaş qəbullarının keçirilməsi qarşıdakı aylarda da davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə