Lerikdə Dövlət-din münasibətləri ilə bağlı tədbir keçirilib

Lerikdə Dövlət-din münasibətləri ilə bağlı tədbir keçirilib

Lerik rayon mədəniyyət evində Dövlət-din münasibətləri ilə bağlı tədbir keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə çiçək dəstələri düzərək xatirəsini ehtiramlar yad ediblər.

Lerik rayon mədəniyyət evində Azərbaycan Respublikası Prezidentinin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəfadar Bağırov, Lerik Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin, din xadimləri və ziyalıların, ağsaqqalların iştirakı ilə dövlət-din münasibətləri ilə bağlı geniş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətin başçısının vəzifə səlahiyyətlərini icra edən Cəlil Baxşıyev açıb və rayondakı mövcud dini durum barədə məlumat verib.

Azərbaycan Respublikası Prezidentinin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev geniş çıxış edib. Bildirib ki, gündən-günə inkişaf edən Azərbaycanda ideoloji siyasəti gücləndirmək məqsədi ilə cənab Prezidentin Sərəncamı ilə yeni qurum – Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidməti yaradılıb. Xidmətin əsas vəzifəsi dünyəvi təhsillə dini təhsil arasında, məscidlə tarixi abidələr arasında əlaqələr yaratmaq, həm dini, həm mədəni, həm də milli məsələlərdə etnik qruplar, azsaylı xalqlarla birlikdə çalışmaqla dövlətin mənafeyini qorumaqdır.

Multikulturalizm, tolerantlıq sadə dillə desək, elə insanlıq deməkdir. Azərbaycanda əsrlər boyu həm müxtəlif dinlər, həmdə müxtəlif etnik qruplar və xalqlar birgə, qardaşlıq və dostluq mühitində yaşayıblar. Məhz buna görə də cənab Prezidentin sözləri ilə ifadə etsək multikulturalizm, tolerantlıq Azərbaycanın hər bir vətəndaşının həyat tərzidir. Məhz bu tolerantlığın birgə yaşayışın və ölkə başçısının bu sahədə həyata keçirdiyi düzgün siyasi kursun nəticəsidir ki, Azərbaycan tolerant bir ölkə kimi dünyaya nümunə göstərilir, millətlərin mədəniyyətlərarası və dinlərarası münasibətlərinə həsr olunmuş Beynəlxalq Forumlar Azərbaycanda keçirilir.

Azərbaycançılıq, tolerantlıq, milli və etnik prinsiplər ulu öndər Heydər Əliyev tərəfindən bizə miras qalıb və bu prinsiplər cənab Prezident tərəfindən uğurla davam etdirilir.

Azərbaycanda din dövlətdən ayrıdır. Ancaq dövlətin dinə münasibəti çox loyaldır. Müstəqilliyə qədəm qoyduğumuz dönəm də ölkəmizdə 17 məscid fəaliyyət göstərirdisə, son 20 ildə bunların sayı 2000 çatdırılıb. Təkcə bu fakt dövlətimizin dinə və dindar vətəndaşlara münasibətinin bariz münasibətidir.

Daha sonra natiq son vaxtlar qeyri ənənəvi, zərərli dini cərəyan və təriqətlərlə bağlı fikir və mülahizələrini bildirib, gənclərin və yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində məktəblərlə yanaşı dini ibadət evlərinin, məscidlərin də üzərinə düşən vəzifələri göstərib, tapşırıq və tövsiyələrini verib.

Sonda tədbir iştirakçıları tərəfindən verilən suallar cavablandırılıb.

Azərbaycan Respublikası Prezidentinin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəfadar Bağırov Lerik

şəhər Cümə məscidində dindarlarla görüşərək söhbət aparıblar. Səmimi dialoq şəraitində keçirilən görüşdə müxtəlif təkliflər irəli sürülüb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə