Rumıniyanın paytaxtı Türkiyənin bu ölkədəki səfirliyinin, Buxarest Universitetinin coğrafiya fakültəsinin, Türk İş Adamları Dərnəyinin, "İon Conea" Geosiyasət Asossiasiyasının və "Geosiyasət" jurnalının birgə təşkilatçılığı ilə "Türkiyənin yeni İpək Yolu geosiyasəti: diplomatiya, təhlükəsizlik strategiyaları, rəqabət və əməkdaşlıq" mövzusunda yay məktəbi keçirilmişdir.
Artıq beşinci dəfə təşkil olunan yay məktəbində dövlət və hökumət nümayəndələri, tanınmış siyasətçilər və politoloqlar, iş adamları, bank, maliyyə, nəqliyyat sahəsində çalışan mütəxəssislər, Türkiyə və Rumıniyanın aparıcı universitetlərinin professor və müəllimləri mühazirələr oxumuşlar.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, şirkətin Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov "Avrasiya enerji strategiyası" mövzusunda təşkil olunan müzakirələrdə yay məktəbinin iştirakçısı olan gənc alimlər qarşısında çıxış etmişdir.
O, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı əhəmiyyətli roldan söz açaraq, iştirakçılara ARDNŞ-in fəaliyyəti və həyata keçirdiyi layihələr, xüsusən yaxın gələcəkdə qitənin enerji xəritəsini dəyişəcək Trans-Anadolu və Trans-Adriatik layihələri barədə məlumat vermişdir.
H.Kərimov Azərbaycanın tarixi "Böyük İpək Yolu"nun üzərində yerləşdiyini diqqətə çatdıraraq xatırlatmışdır ki, 1998-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda dünyanın 42 ölkəsindən nümayəndə heyətlərinin iştirak etdiyi "Böyük İpək Yolu"nun bərpası və inkişafına dair Beynəlxalq Forum keçirilmişdir. Hazırda "Böyük İpək Yolu" üzərində yerləşən dövlətlərlə ticari-iqtisadi əlaqələrini genişləndirən Azərbaycan dünya bazarında öz mövqeyini və yerini daha da möhkəmləndirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB