Azərbaycan beynəlxalq konfransda təmsil olunub

Azərbaycan beynəlxalq konfransda təmsil olunub

Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının şöbə müdiri Zaur Əliyev Moskva şəhərində Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının illik beynəlxalq konfransında Assosiasiyanın üzvü kimi iştirak edib.

Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, qurumun nümayəndəsi Z.Əliyev 2002-ci ildə Assosiasiyaya üzv seçilib. O, bu quruma üzv seçilən ilk ən gənc azərbaycanlı hüquqşünasdır və Assosiasiyanın işində səmərəli fəaliyyətinə, illik konfranslarda beynəlxalq hüququn və insan hüquqlarının əhəmiyyətli məsələlərinə həsr olunmuş çıxışlarına görə Rusiya Elmlər Akademiyası və Assosiasiya tərəfindən təşəkkürnamə və fəxri fərmanla təltif edilib.

Assosiasiyanın iclasları ildə bir dəfə keçirilir və beynəlxalq hüququn müxtəlif problemlərinə həsr olunur. Builki iclasda qloballaşma şəraitində beynəlxalq hüququn rolu məsələləri müzakirə olunub. Konfransda müxtəlif ölkələrdən tanınmış hüquqşünas alimlər, Rusiyanın nüfuzlu ali təhsil müəssisələrinin -- Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MQİMO), Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası, Moskva Dövlət Hüquq Akademiyası, Moskva Dövlət Universiteti, Rusiya Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutu, Rusiya Xalqlar Dostluğu Universiteti və Kazan Dövlət Universitetinin professor-müəllim heyəti, beynəlxalq təşkilatların nümayəndələri, Rusiyanın dövlət qurumlarının təmsilçiləri, Dövlət Dumasının deputatları, hakimlər və digər rəsmi şəxslər iştirak ediblər.

Konfransda Azərbaycan Ombudsmanının nümayəndəsi məruzə ilə çıxış edib. O, ölkəmizdə həyata keçirilən demokratik, hüquqi və sosial-iqtisadi islahatlar nəticəsində əhalinin rifah halının daha da yaxşılaşdığını nəzərə çatdırıb, müstəqil respublikamızda Regionların sosial-iqtisadi inkişaf Proqramının uğurla həyata keçirildiyini, Azərbaycanın bütün regionlarının sürətlə inkişaf etdiyini vurğulayıb.

Ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini ehtiva edən və həyata keçirilməsi müvafiq dövlət proqramları vasitəsilə gerçəkləşdiriləcək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası xüsusi qeyd edilib. Əsas hədəfinin çoxşaxəli iqtisadiyyatın formalaşdırılması, sosial sahədə inkişaf səviyyəsinin təmin edilməsi, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasının insan hüquqlarının da təşəkkülünə mühüm töhfələr verdiyi bildirilib.

Aparatın şöbə müdiri çıxışında son illərdə ölkəmizin insan hüquqları sahəsində də islahatlar məkanına çevrildiyini, humanizm siyasətinin davam etdirilərək qanunların və cəzaların liberallaşdırıldığını, insan hüquqları sahəsində strateji əhəmiyyətli sənədlərin, xüsusilə də ölkə Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın qəbul olunduğunu və uğurla həyata keçirildiyini vurğulamış və iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Xatırladaq ki, Rusiya Beynəlxalq Hüquq Assosiasiyasının üzvləri dünya miqyasında tanınan görkəmli hüquq mütəxəssisləri, müxtəlif ölkələrdən olan diplomatlar, eləcə də gənc hüquqşünas alimlərdir. Assosiasiyanın üzvləri nüfuzlu beynəlxalq qurumlarda, BMT Beynəlxalq Məhkəməsində, BMT Beynəlxalq Hüquq Komissiyasında, İşgəncə Əleyhinə Komitədə, Beynəlxalq Cinayət Məhkəməsində, Avropa İnsan Hüquqları Məhkəməsində və digər təşkilatlarda təmsil olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə