Mexikoda MHŞT Beynəlxalq idarə heyətinin iclası keçirilir

Azərbaycan iclasda Dövlət Neft Fondunun icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur
Mexikoda MHŞT Beynəlxalq idarə heyətinin iclası keçirilir

Meksikanın paytaxtı Mexiko şəhərində mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT ) Beynəlxalq idarə heyətinin 27-ci iclası keçirilir.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, konfransda ölkəmiz mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində Şəffaflıq Təşəbbüsü üzrə hökumət komissiyasının sədri, təşəbbüsün idarə heyətinin üzvü, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Məlumatda bildirilir ki, mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində Şəffaflıq Təşəbbüsü xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər, vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. Təşəbbüs neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Bu prosesə 2003-cü ildə qoşulmuş Azərbaycan təşəbbüsün qiymətləndirilməsi prosesindən keçən və mineral ehtiyatların hasilatı ilə məşğul olan sənaye sahələrində Şəffaflıq Təşəbbüsünün tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. Azərbaycan təşəbbüsün prinsip və meyarlarına tam cavab verən ölkə olduğuna və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə "2009-cu il MHŞT mükafatı"na layiq görülmüşdür.

Bütün xəbərlər Facebook səhifəmizdə