Nərimanov rayonunda Polis Günü qeyd edilib

İctimai asayişin qorunmasının məntiqi nəticəsi olaraq xalqımız və ölkəmiz üçün mühüm layihələr reallaşdırılıb
Nərimanov rayonunda Polis Günü qeyd edilib

Azərbaycan polisinin yaranmasının 96-cı ildönümü ilə əlaqədar Nərimanov Rayon Polis İdarəsində tədbir keçirilib. Rayon icra hakimiyyətindən SİA-ya bildiriblər ki, tədbirdə rayon polis idarəsinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev idarənin bütün əməkdaşlarını Azərbaycan polisi günü münasibətilə təbrik edərək onlara bu çətin, eyni zamanda, şərəfli peşələrində uğurlar arzulayıb. A.Fərzəliyev polis orqanlarının yaradılmasının şanlı tarixindən və onun formalaşaq təkmilləşdirilməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışaraq bildirib ki, daxili işlər orqanlarının inkişafı daim dahi rəhbərin diqqət mərkəzində olub. Ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, şəxsi heyətin peşəkarlığının artırılmasına öz dəyərli töhfəsini verib. Ümummilli Liderin bu istiqamətdəki əvəzsiz xidmətlərini daxili işlər orqanlarının əməkdaşları daim ehtiramla yad edirlər.

Natiq diqqətə çatdırıb ki, ictimai asayişin etibarlı qorunmasının məntiqi nəticəsi olaraq Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız və ölkəmiz üçün taleyüklü sayılan mühüm layihələr reallaşdırılıb. Dövlətimizin başçısı tərəfindən daxili işlər orqanlarının inkişafı və onun müasir standartlara cavab verən ali səviyyəyə çatdırılması, vətəndaşlara xidmət və asayişin təminatının mütərəqqi formalarının tətbiq edilməsi üçün bütün lazımi tədbirlər həyata keçirilir.

Əminliklə bildirilib ki, bu gün hüquq mühafizə orqanlarının fəaliyyətlərini xalqa xidmət, dövlətçilik, qanunçuluq, anda sədaqət prinsipləri üzərində qurması, peşəkarlıq səviyyəsinin artırılması, ixtisaslı və geniş dünyagörüşlü gənc kadrların hazırlanması kimi üzəririnə düşən əsas vəzifələri layiqincə yerinə yetirməsi nəticəsində Azərbaycan cinayətkarlığa qarşı mübarizədə və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül ölkələrindəndir. Azərbaycanın dünyada etiraf edilən sabit ölkə imici onu həm də beynəlxalq forum və sammitlərin davamlı surətdə keçirildiyi bir məkana çevirib. Ölkəmizdə hökm sürən sabitlik və ictimai-siyasi asayiş dövlətçiliyimizi və müstəqilliyimizi daha da gücləndirir, sosial-iqtisadi inkişafın bütün sahələrdə dinamik şəkildə sürətləndirilməsi istiqamətində möhkəm zəmin yaradır, regionda və beynəlxalq müstəvidə gücümüzü daha da artırır.

Sonda xidmətdə fərqlənən hüquq mühafizə orqanlarının əməkdaşlarına rayon icra hakimiyyətinin fəxri fərman və hədiyyələri təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə