Fransanın sabiq prezidenti rüşvətdə və vəzifə saxtakarlığında ittiham olunur
Sarkozi həbs olundu Şok

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi səlahiyyətlərindən sui-istifadə barədə qaldırılmış cinayət işi çərçivəsində istintaqa çağırılıb və həbs olunub. "Röyter" bu barədə Fransanın məhkəmə sistemindəki mənbələrə istinadən məlumat yayıb.

"Frans press" isə xəbər verir ki, müstəntiqlərin keçmiş dövlət başçısını 24 saat saxlamaq ixtiyarı var.

Sarkozi korrupsiya ilə bağlı qaldırılmış cinayət işi çərçivəsində ifadə verir. Xəbərdə bildirilir ki, Sarkozi bu gün səhər Paris ətrafındakı Nanter şəhərində yerləşən polis şöbəsinə gedib. Onun polis şöbəsi qarşısında dayanmış avtomobilinin fotosu sosial şəbəkələrdə yayılıb.

Sarkozi 2007-2012-ci illərdə prezident olarkən vəzifəli şəxslərə təsir göstərmək üçün rüşvətdə ittiham olunur. İstintaqın ittihamına görə, Sarkozi icra hakimiyyətinin yüksək rütbəli nümayəndələrindən birinə ona zəruri olan informasiyaların əvəzində xidmətdə irəliləmək vədi verib. Bu iş üzrə keçmiş prezidentin vəkili Tyeri Erzoq da saxlanılıb.

Qeyd edək ki, Fransanın sabiq prezidenti onun seçki kampaniyasının keçmiş Liviya diktatoru Müəmmar Qəzzafi tərəfindən maliyyələşdirildiyinə dair iddiaların ortaya atılmasından sonra istintaq orqanlarının diqqətini cəlb edib. Liviyada etirazlar başlayandan sonra Qəzzafi bildirmişdi ki, o, Sarkozinin seçki kampaniyasına on milyonlarla dollar verib. Həmin vaxt Sarkozinin əmri ilə Fransa aviasiyası Qəzzafinin ordusunu bombalayırdı.

Bu şübhələrlə bağlı Sarkozinin telefon danışıqlarını dinləyən Fransa polisi gözlənilmədən onun adı keçən digər işlə bağlı yeni məlumatlar əldə edib. Söhbət fransalı milyarder Lillian Betankurun Sarkozinin seçki kampaniyasına iri məbləğdə pul verməsindən gedir. Telefon danışıqlarının dinlənilməsi sübut edib ki, xanım Betankurun işini aparan hakimlərdən biri istintaqa dair xidməti materialları Sarkoziyə və onun vəkilinə verməyə, habelə istintaqın sonrakı planları ilə bağlı onu məlumatlandımağa razılaşıb.

Bunun əvəzində Sarkozi ona Monako knyazlığında yüksək vəzifə vəd edib. Fransa tarixində ilk dəfədir ki, keçmiş prezidentin barəsində həbs qərarı çıxarılır.

Bütün xəbərlər Facebook səhifəmizdə