Beynəlxalq konfransın iştirakçıları Ali Məhkəmədə

Beynəlxalq konfransın iştirakçıları Ali Məhkəmədə

Bakıda keçirilən "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda yüksək səviyyəli beynəlxalq konfransın iştirakçıları iyulun 1-də Ali Məhkəmənin inzibati binası ilə tanış olmuşlar. Qonaqlara məlumat verilmişdir ki, binanın tikintisi zamanı klassik-eklektika üslubu seçilmiş, milli daş memarlığının elementləri, eləcə də dövlət atributları nəzərə alınmışdır. Birinci mərtəbədə doqquz böyük və kiçik məhkəmə zalı vardır.

Ali Məhkəmənin fəaliyyəti haqqında məlumatlandırılan konfrans iştirakçıları iclas zallarında yaradılmış şəraitlə tanış olmuşlar. Bildirilmişdir ki, zallarda ən müasir avtomatlaşdırılmış şəbəkə yaradılmışdır.

Diqqətə çatdırılmışdır ki, burada Azərbaycanda ilk dəfə olaraq müasir informasiya texnologiyalarının tətbiqi ilə elektron kargüzarlıq və sənəd dövriyyəsini təmin edən "İstinad" informasiya sistemi qurulmuşdur. Konfrans iştirakçılarına binanın girişində quraşdırılmış informasiya köşkləri barədə də məlumat verilmişdir.

Qeyd edilmişdir ki, Ali Məhkəmədə quraşdırılmış informasiya təminatı şəbəkəsi digər məhkəmələrin informasiya sistemləri ilə də əlaqə yaratmağa imkan verir.

Tədbir iştirakçıları kitabxana, muzey, konfrans və plenum zalları ilə də tanış olmuş, hakimlərin iş şəraiti ilə maraqlanmışlar.

Qonaqlar Ali Məhkəmədən zəngin təəssüratlarla ayrılmışlar.

Bütün xəbərlər Facebook səhifəmizdə