Azərbaycanda Nizami Gəncəvi adına qızıl medal təsis edilib. Bu medalla Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında təltif edilirlər.
Azərbaycan Respublikasının digər orden və medalları ilə təltif edilmiş şəxslər eyni xidmətlərə görə "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" ilə təltif edilə bilməzlər.
Medalın ümumi təsviri diametri 30 mm olan, bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş dairəvi lövhədən ibarətdir.
Medalın ön tərəfində üç dairə əks olunmuşdur. Birinci dairədə yuxarı qövs boyunca "Azərbaycan Milli Elmlər Akademiyası", aşağı qövs boyunca "Nizami Gəncəvi" sözləri yazılıb. İkinci dairənin üzəri şəbəkəvari naxışlarla haşiyələnib, üçüncü dairənin mərkəzində Nizami Gəncəvinin təsviri həkk olunub. Medalın ön tərəfindəki yazılar və təsvirlər qabarıqdır.
Medalın arxa tərəfində iki dairə əks olunub. İkinci dairənin üzərində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun orta hissəsində "Nizami Gəncəvi" sözləri, ondan aşağıda "1141-1209" rəqəmləri yazılıb. Medalın arxa tərəfindəki yazılar və təsvirlər qabarıqdır.
Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 20 mm x 15 mm ölçüdə düzbucaqlı metal lövhəyə halqa və ilgək vasitəsilə birləşdirilir. Lövhəyə Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərinə uyğun mavi, qırmızı və yaşıl rəngli bərabər ölçüdə şaquli zolaqlara bölünmüş xara lentdən üz çəkilir. Lövhənin ön tərəfindəki qırmızı zolağın ortasında qızılı rəngli aypara və səkkizguşəli ulduz təsviri həkk edilir. Lövhənin yuxarı və aşağı hissələrinə eni 1 mm olan üçbucaqvari çıxıntıları olan qızılı təbəqə bərkidilir. Medala paltara bərkidilmək üçün medalın elementi olan eyni xara lentdən üz çəkilmiş 20 mm x 9 mm ölçülü qəlib əlavə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB