Azərbaycan Universitetinin 20-ci Məzun Günü keçirilib FOTOLAR

Bu il Azərbaycan Universitetini 327 məzun bitirib
Azərbaycan Universitetinin 20-ci Məzun Günü keçirilib FOTOLAR

Bu gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Universitetinin 20-ci Məzun Günü münasibətilə təntənəli mərasim keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Universitetin müəllim və tələbə heyəti ilə yanaşı bir sıra dövlət rəsmiləri də iştirak edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov bildirib ki, hər bir dövlətin gələcək inkişafı onun təhsil sistemindən asılı olaraq daim diqqət tələb edir: "Azərbaycan müstəqillik əldə edəndən sonra ölkədə təhsil sistemində bir çox vacib islahatlar həyata keçirilib. İnkişaf etmiş dövlətin qurulması üçün birinci amil yüksək təhsil səviyyəsinin olmasını hesab edən ölkə başçısı İlham Əliyev tərəfindən də Azərbaycan təhsilində sistemli islahatlar aparılaraq Ulu öndərin təhsil siyasəti uğurla davam etdirilir. Prezidentin apardığı məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatı inkişaf etmiş və hər bir sahədə olduğu kimi təhsil sahəsinin də inkişafı üçün təməl olub. Hazırda təhsilimizin ayrı-ayrı sahələri deyil, o bütövlükdə kompleks şəkildə inkişaf edir. Odur ki, təhsil sahəsi daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir".

Rektor onu da əlavə edib ki, Azərbaycanda sosial işin tədrisinə başlayan ilk özəl universitet kimi Azərbaycan Universiteti kadr hazırlığını beynəlxalq proqram əsasında aparmaq məqsədi ilə bir çox Avropa ölkələrinin təhsil ocaqları ilə sıx əməkdaşlıq edir. O, həmçinin cari tədris ilində Universitetin uğurları və növbəti tədris ilində təbiq ediləcək yeniliklər haqqında iştirakçılara geniş məlumat verib.

Məzun günündə çıxış edən Təhsil Nazirliyinin müşaviri Samir Vəliyev deyib ki, məzun olmaq 4 illik məntiqli yolun nəticəsidir: "Qeyd etməliyəm ki, Prezidentin ölkəyə rəhbərlik etdiyi son 10 ildə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilmıəsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacını ödəmək üçün gənclərin xaricdə təhsil alması dövlət siyasətinin əsas prioritetlərindən olub. Gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Sərəncam da imzalanıb. Uğurla həyata keçirilən Dövlət Proqramı və eləcə də digər təhsil formaları üzrə demək olar ki, Avropa ölkələrinin əksəriyyətində minlərlə Azərbaycan vətəndaşı təhsil alır".

Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov isə çıxışında vurğulayıb ki, bu sahə üzrə test imtahanlarından keçən 12 nəfər məhz Azərbaycan Universitetinin tələbəsidir: "Vergi ödəmələrində təhsilin rolu böyükdür. Bu günün tələbəsi nümunəvi vergi ödəyicisi və gələcəyin vergi orqanında çalışan işçisi ola bilər".

Tədbirdə Universitetin təsisçisi Synergy Group Müşahidə Şurasının sədri Riyad Hüseynov, millət vəkili Vahid Əhmədov və digər qonaqlar çıxış edərək ölkədə həyata keçirilən təhsil islahatlarının əsas istiqamətləri və əhəmiyyəti, təhsilə qoyulan investisiya və biznes-təhsil əlaqələrinin səmərəli nəticələrindən bəhs edərək məzunlara ürək sözlərini və təbriklərini çatdırıblar.

Tədbirdə universiteti fərqlənmə ilə bitirən məzunlar diplomla mükafatlandırılıb, diplom alanlar Məzun andı içiblər. Məzun Günündə Azərbaycan Universiteti tərəfindən təsis olunan "Azərbaycan Universitetinin Dostu" mükafatının təqdimatı da olub.

Ənənəvi Məzun Gününün ikinci hissəsində işirakçılar maraqlı konsert proqramına baxıblar. Bədii hissədə tələbələr tərəfindən universitet həyatına dair hazırlanan video və slaydlar da nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycan Universitetini 20 ixtisas üzrə 278 bakalavriat və 49 magistratura proqramlarında olmaqla 327 məzun bitirir.

Bütün xəbərlər Facebook səhifəmizdə