“Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması” mövzusunda dəyirmi masa keçirilib
"Mətbuat və Azərbaycan ədəbi dilinin qorunması" mövzusunda "dəyirmi masa" keçirilib. Tədbiri Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə açıb.
O layihə ilə bağlı məlumat verib. Bildirib ki, mətbuatımızda Azərbaycan ədəbi dilinin bütün sahələrinə aid çoxlu miqdarda pozuntu faktları müşahidə etmək mümkündür: "Son onilliklərdə cəmiyyətimizin həyatında baş verən cilddi dəyişikliklərlə bağlı dilimizə külli miqdarda yeni alınma sözlərin daxil olması təbii və qanunauyğun haldır. Bu sözlərin çoxuna dilimizin təbii ehtiyacı var. Həm də onların böyük əksəriyyəti dünyanın, demək olar ki, bütün dillərində işlənən beynəlmiləl sözlərdir. Bununla belə, son dövrlərdə ədəbi dilimizdə geniş şəkildə işlənən öz sözlərimiz ola-ola zəruri ehtiyac duyulmadan onların əcnəbi qarşılığının nitqimizə nüfuz etməsinin də şahidi oluruq".
Dil probleminə kompleks yanaşmağın lazım olduğunu bildirən R.Hüseynzadə qeyd edib ki, bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında 23 may 2012-ci il tarixli sərəncamı müstəsna əhəmiyyət daşıyır: "Dilimizin inkişaf xüsusiyyətləri ilə bağlı fikirlərin ifadə olunduğu sənəddə dövlətçiliyimizin başlıca rəmzlərindən olan ana dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, ölkəmizdə dilçilik elmi sahəsində vəziyyətin əsaslı surətdə yaxşılaşdırılmasını təmin etmək məqsədi əsas götürülür, müvafiq qurumlar qarşısında vəzifələr müəyyənləşdirilir.
Mətbu fəaliyyət dildən istifadə sahəsində ən spesifik məqam kimi diqqət çəkməkdədir. Bu mənada kütləvi informasiya vasitələrində çalışanların ona xüsusi önəm verməsi əhəmiyyətlidir. Ümumən, jurnalistikamızda dil xüsusiyyətləri müxtəlif vaxtlarda müxtəlif səviyyəli müzakirələrin mövzusuna çevrilməsi baxımından diqqət çəkib. Ötən illərlə müqayisədə bir sıra irəliləyişlərin əldə olunmasına baxmayaraq, indinin özündə də jurnalistlərin ədəbi dil və xüsusiyyətləri, onun işlədilməsi qaydaları ilə bağlı problemləri yaşanmaqdadır. Mövcud layihə həmin tendensiyanın aradan qaldırılmasına, habelə dövlət başçısı tərəfindən müəyyənləşdirilən vəzifələrin reallaşmasına ictimai dəstək göstərilməsini nəzərdə tutur".
Daha sonra layihənin eksperti Seymur Verdizadə danışıb. Tədbirdə "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət və başqaları mövzu ilə bağlı fikirlərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB