AMEA-nın nəzdində 3 institutun yaradılması təklif edilib

AMEA-nın nəzdində 3 institutun yaradılması təklif edilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı kiçirilib. SİA-nın xəbərinə görə, tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq bildirib ki, yığıncaqda AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçkilər keçiriləcək, akademiyanın yeni nizamnaməsi və "Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası" müzakirəyə çıxarılacaq, yaradılması nəzərdə tutulan Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, Elm Tarixi İnstitutu və Dünya Siyasəti İnstitutu haqqında məlumat veriləcək.

AMEA rəhbəri alimlərimizin şə­­rəfli əməyinin stimullaşdırılması ilə bağlı təkliflərin ölkə rəh­bər­­liyi tərəfindən böyük həssaslıqla qarşılandığını, Azərbaycan elminin in­ki­şa­fı naminə akademiyaya hər cür qayğı göstərildiyini diqqətə çatdırıb, elmi ictimaiyyət adından Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib: "Azərbaycanın el­­mi potensialı dövlətin diqqət və qay­­ğısı, həmçinin özünün daxili intellektual səfərbərliyi sa­yə­sin­də yeni dövrün tələbləri baxımından daha da mütəşəkkilləşəcək, res­pub­likanın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında bundan sonra da ya­xın­dan iştirak edəcək, dünya elminə öz layiqli töhfələrini ve­rəcək. Bugünkü seçkilər ölkədə elmin gələcək inkişafına böyük fayda verəcək".

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli yeni nizamnamənin layihəsi haqqında geniş məlumat verərək bildirib ki, sənəd elmin inkişafının müasir tələblərinə uyğunlaşdırılıb, müvafiq komissiya və Rəyasət Heyəti tərəfindən baxılıb, müzakirə edilib.

Akademik yeni nizamnamənin qəbulunu elmi fəaliyyət sa­həsində normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində əhə­miy­yətli addım kimi qiymətləndirib. Sənədin layihəsi ümumi yığıncaq tərəfindən bəyənilib və qəbul edilib.

Müzakirəyə təqdim olunan növbəti məsələ "Azərbaycan Milli Elmlər Akademiyasının 2020-ci ilə qədər İnkişaf Konsepsiyası" olub. AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev çıxış edərək deyib ki, konsepsiyada elmi fəaliyyətin yeni əsaslarla təşkili, tədqiqatların prioritet istiqamətlərinin müəyyənləşdirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, elmi işçilərin sosial təminatının yaxşılaşdırılması və elmi infrastrukturun müasirləşdirilməsi kimi mühüm məsələlər nəzərdə tutulur. Maliyyələşdirmə mexanizimləri, maddi-texniki və normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həmçinin beynəlxalq elm məkanına inteqrasiya da konsepsiyada elmin inkişafına xidmət edən hədəflərdəndir. Sənəd ümumi yığıncağın qərarı ilə qəbul olunub.

Sonra AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu, akademik İ.Həbibbəyli isə Elm Tarixi İnstitutu və Dünya Siyasəti İnstitutunun yaradılması zərurətindən danışıb.

Akademik A. Əlizadə AMEA-nın həqiqi üzvlüyünə 43, müx­bir üzvlüyünə isə 265 nəfərin namizəd olduğunu qeyd edib.

Çıxışının sonunda akademik A. Əlizadə bu ilin sentyabr ayında akademiyanın təşkilatçılığı ilə Qafqazda ilk elm festivalının planlaşdırıldığını, ilin sonunda Azərbaycan alimlərinin I qurultayının keçiriləcəyini, həmçinin növbəti ilin əvvəllərində AMEA-nın 70 illik yubiley tədbirlərinə başlanacağını yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.

Sonda akademiyanın bölmələri üzrə təşkil olunmuş məntəqələrdə səsvermə başlamış və hazırda davam etdirilir. Yaxın saatlarda seçkilərin nəticələri açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə